Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı davam edir (FOTO)


Digərləri 17 İyl 2018 14:42:00 212 0

Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı davam edir (FOTO)

Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq həyata keçirdiyi müxtəlif məzmunlu maarifləndirici tədbirləri - mühazirələr və təlimləri, dəyirmi masalar və diskussiyaları, elmi konfranslar və seminarları, xalqımızın tarixi və mədəniyyətinnin, dili və ədəbiyyatının təbliği istiqamətində digər tədbirləri ekoloji, mədəni, iqtisadi, hüquqi və tibbi maarifləndirmə proqramları çərçivəsində təşkil təşkil edir. Fonddan Trend-ə verilən məlumata görə, “Tibbi maarifləndirmə” proqramının məqsədi əhalinin tibbi biliklərini artırmaq, onun sağlamlığını qorumaq, xəstəliklərin profilaktikası üzrə maarifləndirmə işinə dəstək göstərmək, sağlam qidalanma və sağlam həyat tərzini təbliğ etməkdir. Əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb. Yerlərdən daxil olan müraciətlər, aparılan sosialoji sorğular əsasında Fondun Bilik Evlərində, şəhər və rayon nümayəndələrinin təşkilatçılığı ilə ali və orta təhsil müəssisələrində, digər idarə və təşkilatlarda tibbi maarifləndirmə istiqamətində tədbirlər təşkil olunur. Atalarımız “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Həqiqətən, insan ruhunun saflığı və sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün reaksiya verə bilməsi xeyli dərəcədə fiziki sağlamlıq amilindən asılıdır. İstər Quran ayələrində, istər hədislərdə, istərsə də İslam müqəddəslərinin həyat təcrübəsində fiziki sağlamlığın, sağlam həyat tərzinin əhəmiyyəti dönə-dönə vurğulanır. Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisləri ölkə ərazisində mütəmadi olaraq “Düzgün qidalanma sağlam həyat tərzinin əsası kimi”, “Məktəblinin fiziki aktivliyinin inkişafı”, “Hərəkətsizlik müasir cəmiyyətin bəlasıdır”, “Təmizlik - sağlamlıqdır”, “Ətraf mühitin insan sağlamlığına təsiri”, “Ana südü körpələrin sağlam qidalanmasının başlıca şərti kimi”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzularında tədbirlərdə fəal iştirak edir, idarə və müəssisələrdə mühazirə və təlimlər keçirirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 26 iyun - Narkomaniyaya və narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar olaraq “Zərərli vərdişlərə “Yox!” deyək”, “Narkomaniyaya qarşı mübarizə edək” şüarı altında keçirilmiş tədbirlərdə gənclərə tütünçəkmənin insan orqanizminə mənfi təsiri, zərərli vərdişlərə, narkotik maddələrə aludəliyin fəsadları izah olunur, virusdan qorunmanın üsulları izah edilir. “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”, “31 may – Ümumdünya Tütünsüz günü”nə həsr olunan tədbirlərdə gənclərə tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə ətraflı məlumat verilib. Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədovanın sözlərinə görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.