Gəncədə qanlı terror aktları gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib


Digərləri 17 İyl 2018 14:31:00 228 0

Gəncədə qanlı terror aktları gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib

Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

Gəncə. Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə müşavirə keçirilir. Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. İmamzadə ziyarətgahında iyulun 10-da Gəncədə baş verən hadisələr zamanı şəhid olmuş polis zabitlərinin ruhuna ehsan verilib, namaz qılınıb, müqəddəs Qurani Kərimdən ayələr oxunub. Tədbirdəki çıxışlarda bildirilib ki, son günlər Gəncədə baş verən hadisələr, törədilən cinayətkar əməllər İslam dinindən uzaqdır. Yalnız müəyyən qruplar var ki, din pərdəsi altında öz təxribatçı əməllərini həyata keçirməyə çalışırlar. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Dini şüarlar altında törədilən bu terror aktları özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Qeyd olunub ki, bu qruplar ölkəmizdə sabitliyi pozmağa, onun inkişafını əngəlləməyə yönəlmiş addımları ilə Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində idilər. Lakin Azərbaycan polisi bu cinayətkar əməllərin qarşısını qətiyyətlə aldı, ölkədə sabitliyin pozulmasına imkan vermədi. Təəssüf ki, iğtişaşların qarşısının alınması zamanı iki polisimiz də şəhid oldu.