"O zərbə qolla nəticələnsəydi, karyeramı bitirməliydim"


İdman 17 İyl 2018 13:47:00 271 0

"O zərbə qolla nəticələnsəydi, karyeramı bitirməliydim"

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. Goal.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Uypeşt”lə ilk oyununda (3:1) üçüncü qola imza atan futbolçu azarkeşlərlə də bağlı danışıb:

- "Uypeşt”lə cavab oyununa hazırlıq necə keçir?

- Hər şey qaydasındadır. İlk oyuna necə hazırlaşmışdıqsa, cavab matçına da elə hazırlaşırıq.

- İlk oyundan artıq bir neçə gün keçib. Həmin matçı təhlil edib, hansı çıxarışı edə bilərsən?

- Olduqca çətin oyun oldu. Hava çox isti idi. Təbii ki, tək bizə yox, rəqibə də isti idi. Buraxılan qoldan sonra özümüzü toparlaya bildik və əlverişli nəticə qazandıq. Amma bu demək deyil ki, artıq növbəti mərhələdəyik. İşin əsas hissəsini Budapeştdə görməliyik. Şanslar indi də bərabərdir.

- Bakıdakı oyunda sənin çox gözəl bir epizodun oldu, amma akrobatik zərbəndən sonra qapıçı topu küncə çıxara bildi. Həmin anda hansı hissləri yaşadın?

- Düzü, əvvəl elə bildim ki, qol oldu. Həyatımda belə qol vurmamışam. Bu cür qoldan sonra oyunu bitirmək olardı. Nəinki oyunu, karyeramı da. O zərbə qolla nəticələnsəydi, mən də karyeramı bitirməliydim, qapıçı da (gülür). Təbii ki, bu bir zarafatdır. Əsas odur ki, qalib gəldik.

- Oyundan sonra Roberto Bordinlə söhbətiniz olub?

- Bütün komanda ilə danışıb, təbrik edib.

- Azarkeşlərlə bağlı nə deyə bilərsən?

- Azarkeşlər sağ olsunlar, bizi belə isti hava şəraitində tək qoymadılar. Onların dəstəyi sayəsində bu qələbəni reallaşdırdıq.