Strateji yol xəritəsinin 86 faizinin icrası tamamlanıb (FOTO)


Digərləri 17 İyl 2018 13:59:03 329 0

Strateji yol xəritəsinin 86 faizinin icrası tamamlanıb (FOTO)

Xəritənin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86%-nin icrası tamamlanıb, 12%-i qismən icra edilib, 2%-i isə icra edilməyib.

Bakı. “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə ümumi icra səviyyəsi 92%-dir. Xəritənin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86%-nin icrası tamamlanıb, 12%-i qismən icra edilib, 2%-i isə icra edilməyib. Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında qurumun icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, iqtisadi islahatlar kursu ötən il də uğurla davam edib: “Prezident İlham Əliyev 2017-ci ili dərin və sistemli islahatlar ili adlandırib. 2017-ci ilin sabitləşdirmə və 2018-ci ilin isə iqtisadi inkişaf ili olmasında Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələrinin xüsusi rolu olub". Vüsal Qasımlı əlavə edib ki, 2017-ci il ərzində Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin ilk hədəfi - Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi – üzrə tam icra 67 faiz, qismən icra 25 faiz olunub, cəmi 8 faiz tədbir icra edilməyib: "Bu istiqamətdə makroiqtisadi koordinasiyanın təmin edilməsi, “Qızıl qayda” prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi, yeni alternativ lövbərin hədəflənməsi, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi, banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilib və ilin yekunu üzrə bu proqrama əməl edilib". İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə əsasən, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində ikinci hədəf - Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə icra səviyyəsi belə olunub: 71 faiz tam icra və 29 faiz qismən icra.