Rezin qayıqla dənizə çıxan yeniyetmələrin son anları və ölüm səbəbi


Digərləri 17 İyl 2018 12:32:42 302 0

Rezin qayıqla dənizə çıxan yeniyetmələrin son anları və ölüm səbəbi

Bu il aprelin 18-də səhər saat 12.00 radələrində 2001-ci il təvəllüdlü Nüsrət Nəzərov və dostu, 2003-cü il təvəllüdlü Adil Cəbiyev rezin qayıqla Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, həmin gün onların qayıqla dənizə çıxacaqları barədə valideynləri məlumatsız olub. Yalnız axşam saatlarında 17 yaşlı N. Nəzərov və 15 yaşlı A. Cəbiyevin evə qayıtmamasından narahat olan valideynlər onların axtarışına başlayıb.

N.Nəzərovun anası Nazilə Məmmədova polisə müraciət edib. Polisə müraciətində isə uşaqların "Gəmiqaya" adlanan ərazidən rezin qayıqla dənizə çıxdığını ehtimal etdiyini bildirib.

Mayın 24-də Xəzərdə Neft Daşları yaxınlığında N. Nəzərov və A.Cəbiyevin cəsədlərinin olduğu rezin qayıq aşkarlanıb.

Bura qədəri faciəli bir hadisə barədə xəbərdir.

Valideyn nə deyir...

Məsələni yenidən medianın gündəminə gəlməsinə səbəb isə iyulun 12-də yenidən sosial şəbəkədə və daha sonra isə bəzi saytlarda bu barədə yazı yazılması olub. Yazıda qeyd olunub ki, yeniyetmələrin ölümünə səbəb polis və xilasedicilərin onları vaxtında axtarmamaları olub. A.Cəbiyevin atası Müşfiq Cəbiyev da deyib ki, polis və xilasedicilər axtarışlara vaxtında başlamayıb, iki gündən sonra axtarışlar sahildə aparılıb, bir neçə gün sonra isə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə onları qəbul etdikdən sonra axtarışa vertolyot cəlb edilib. M.Cəbiyev inanır ki, uşaqlar vaxtında axtarılsa, sağ tapıla bilərdilər. Arqument də budur ki, onlar bir neçə gün qayıqda sağ qalıblar, bir-birinə qısılıblar, ayaqqabıları ilə də dəniz suyu içiblər. "Uşaqların ayaqqabılarında dəniz suyu içdiklərini" isə onlara balıqçılar deyiblər. Yeniyetmələr bir-birinə qısılmış vəziyyətdə olublar. 

Əslində necə olub?

Aprelin 18-də saat 21:47-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə DİN-in 102 xidmətindən Nazilə Məmmədova adlı şəxsin iki yeniyetmənin evdən çıxıb geri qayıtmamaları və onların "Gəmiqaya" adlanan ərazidən rezin qayıqla dənizə çıxdığını ehtimal etdiyi barədə məlumat daxil olub.

Məlumat dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə ötürülür. Qəbul olunmuş məlumat növbətçi inspektor tərəfindən dərhal - saat 21:49-da həmin ərazilərdə xidmət aparan aidiyyatı Novxanı və Corat Sularda Xilasetmə Məntəqələrinə (SXM) ötürülüb. Daha sonra növbətçi hissənin inspektoru məlumatın doğruluğunu təsdiq etmək üçün saat 21:54-də özü Nazilə Məmmədova ilə telefon əlaqəsi yaradıb. Yəni, FHN əməkdaşları ailənin müraciətini gözləmədən hadisə baş verən gecə özləri ailə üzvlərinə zəng ediblər.

N.Məmmədova növbətçi inspektorla telefonla danışığı zamanı oğlu N.Nəzərovun vaxtaşırı hava ilə doldurulan rezin qayıqla "Gəmiqaya" adlanan ərazidən dənizə çıxdığını və onun mobil telefonuna zəng çatmadığı üçün heç bir dəqiq məlumatı olmadığını bildirib. Novxanı SXM-nin rəisi daxili xidmət sıravisi Ramin Qurbanov məlumat verilmiş əraziyə gedib, vizual baxış keçirib, ərazidə yerləşən "Gəmiqaya" restoranın sahibi ilə görüşüb, həmin restorana məxsus təhlükəsizlik kamerasının görüntülərinə baxıb, bu ərazidə hər hansı rezin qayığın dənizə çıxmadığı məlumatını alıb. Bu barədə də saat 22:10-da xidmətin növbətçi hissəsinin növbətçisinə məlumat verib. Məlumat aidiyyatı üzrə FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötürülüb. Məlumatın doğruluğu təsdiqini tapmadığı üçün Xidmət tərəfindən axtarışlar dayandırılıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, daxili xidmət polkovniki Rüfət Fərhadov açıqlamasında bildirib ki, qəbul olunmuş məlumat həmin gün gecəyə təsadüf etdiyindən və ehtimal olduğundan, həmçinin qeyri-sabit hava şəraiti səbəbindən axtarış xilasetmə tədbirləri yalnız vizual həyata keçirilib.

Hava şəraiti axtarış-xilasetmə işlərinə mane olub

Bu arada polis də uşaqların axtarışları davam etdirib, uşaqların keçdiyi yollarda kameralar yoxlanıb. Nəhayət, kameraların birində uşaqları çiyinlərində ağır çantalarla, qayıqla dənizə getdikləri görünüb və bununla da uşaqların rezin qayıqla dənizə çıxdıqları dəqiqləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xidməti məlumatında da qeyd edilir ki, aprelin 20-də saat 12:56-da FHN-nin 112 Çevik Reaksiya İdarəsi tərəfindən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin növbətçi hissəsinə N.Nəzərovun təhlükəsiz şəhər kamerası vasutəsilə Sumqayıt şəhərinin dəniz istiqamətinə getməsinin görüntüsünün və hətta N.Nəzərovun dostu A.Cəbiyev ilə öz aralarında SMS vasitəsilə Sumqayıt şəhəri Xəzər bağları istiqamətində dənizə çıxdıqları haqqında yazışmanın əldə olunduğu bildirilib. Məlumat aidiyyatı üzrə Sumqayıt SXM-nə ötürülüb.