Gürcüstanla sərhəddəki gömrük postunda sıxlığın SƏBƏBİ


Digərləri 17 İyl 2018 12:17:00 273 0

Gürcüstanla sərhəddəki gömrük postunda sıxlığın SƏBƏBİ

Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlərə münasibət bildirib.

Komitədən Son.az-a bildirilib ki, yay mövsümü ilə əlaqədar xaricə, eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü" gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.

Nəticədə günün bəzi saatlarında "Sınıq Körpü" gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük postu normal iş rejimində fəaliyyət göstərir.