SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib


İqtisadiyyat 17 İyl 2018 11:47:59 393 0

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib

SOCAR İstiqrazları sahibləri növbəti gəlirlərini əldə edib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib. SOCAR İstiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,250 mln. dollar vəsait köçürülüb.

“SOCAR Capital” şirkətindən "Report"a verilən məlumata görə, pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb, bu gündən etibarən isə investorların hesabındadır.

Bu SOCAR istiqrazları üzrə yeddinci faiz ödənişidir. Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 mln. dollar təşkil edib.

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

Hazırda SOCAR istiqrazları ölkənin Fond Birjasında ən çox alınıb-satılan qiymətli kağızdır.

SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

Qeyd edək ki, ötən ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR istiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir.

İstiqrazlar üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.