Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi (FOTO/VİDEO)


Digərləri 17 İyl 2018 11:34:24 245 0

Məhəmməd Hadi küçəsinin 2.8 km-lik hissəsi təmir edildi (FOTO/VİDEO)

Xətai rayonu, Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işləri davam edir.

Bakı. Xətai rayonu, Məhəmməd Hadi küçəsində yenidənqurma və bərpa işləri davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, artıq küçənin 2.8 km-lik hissəsində işlər tam olaraq yekunlaşdırılıb. Hazırda küçənin kəsişdiyi “Ukrayna dairəsi”ndə təmir-tikinti işləri aparılır. Məhəmməd Hadi küçəsinin 6 hərəkət zolaqlı olmaqla köməkçi yolla bərabər uzunluğu 4.4 km təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir. Yol üzərində iki metro stansiyası ("Əhmədli" və "Həzi Aslanov") və bir neçə istiqamətdən gələn yolların kəsişdiyi 1 böyük dairə (Ukrayna dairəsi) yerləşir. Bu səbəbdən Məhəmməd Hadi küçəsi Xətai rayonunun mühüm nəqliyyat arteriyası hesab olunur. Küçə uzun illər istismar olunduğundan yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və buna görə əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində, hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq Dövlət Agentliyi tərəfindən prospektin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Artıq küçənin təqribən 2800 m-lik hissəsində təmir-tikinti işləri tam olaraq yekunlaşdırılıb. Sözügedən hissədə 50 min kv.m-dən çox mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, həmçinin əsas və köməkçi yollarda, səkilərdə hissəvi olaraq yolun deformasiyaya uğramış hissələri 38 min kubmetr həcmdə qazılaraq çıxarılıb, yeni torpaq yatağı və 36 sm hündürlükdə yeni yol əsası inşa edilib. Yolun 278 p.m hissəsində isə kommunikasiya xətlərində aparılan təmir işlərindən sonra yolun əsası yenidən tikilib və asfalt-beton örtüyü bərpa edilib. Layihəyə uyğun olaraq kanalizasiya quyularının yenidən qurulması, 14 ədəd yeni quyu qapaqlarının quraşdırılması, həmçinin səth sularının kənarlaşdırılması üçün 150 mm diametrində 110 p.m uzunluğunda drenaj boruların çəkilməsi və 14 ədəd yağış barmaqlıqlarının quraşdırılması işləri də görülüb. Bundan başqa, təmir-tikinti işləri çərçivəsində müxtəlif hərəkət istiqamətləri arasında yeni ayrıcı zolaq inşa edilib, kənarlarına 5500 p.m yeni səki daşı düzülüb və 736 kv.m bəzək daşı döşənib. Yolun işıqlandırılması üçün ayrıcı zolaqda 61 ədəd yeni işıq dirəyi quraşdırılıb. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 4 min kv.m sahədə yeni səki inşa edilib, kənarlarına isə 6500 p.m yeni səki daşları düzülüb.