Günəş şüaları altında çox qalmaq insanı tez qocaldır və daha


Digərləri 17 İyl 2018 08:07:00 260 0

Günəş şüaları altında çox qalmaq insanı tez qocaldır və daha

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu dermatoveneroloq Sevinc Kərimova bildirib.

Onun sözlərinə görə, yay fəslində Günəş şüalarını qəbul edirəkən müəyyən nüanslara diqqət yetirmək lazımdır: "Məlumdur ki, dünyada müxtəlif dəri tipləri var. Azərbaycan əhalisi arasında daha çox 1, 2 və 3-cü dəri tiplərinə təsadüf olunur. Hər tip dərilər də öz növbəsində iki yerə - a və b-yə bölünür. Birinci a tipi saçı sarı, dərisi ağ, gözləri mavi, yaşıl, açıq rəngdə olan dəri tipləridir. Birinci b tipinə mənsub olanların dərisi ağ, saclarının rəngi açıq, gözlərinin rəngi qara və qəhvəyi ola bilər. İkinci a tip dərisi olanlar ağ dərili, amma saçı, qaşı, gözü qara rəngdə olanlardır. İkinci b tipi dərisi olanlar əsmər dərili, saçı, qaşı, gözü qəhvəyi və qara olanlardır".

Həkim bildirib ki, uzunmüddət Günəş şüaları altında qalma bütün dəri tiplərinə mənfi təsir etsə də, daha çox 1-ci tip dərisi olanlar bundan zərər görürlər.

S.Kərimova bunun səbəbini 1-ci tip dərisi olanlarda melanim piqmentinin az olması ilə izah edib: "Melanim dəriyə, saçlara, gözlərin qüzehli qişasına rəng verən piqment hüceyrələridir. O, Günəş şüalarının təsiri altında sürətlə çoxalır. I tip dərilərdə melanim piqmenti həddindən artıq az olduğu üçün Günəş şüaları altında çox qala bilmir. Nəticədə qruplaşaraq çiyinlərdə, üzdə ləkələr, çillər formasında özünü göstərir və hiperpiqment ləkələr yaradır. Ona görə yayda dərinin zərər görməməsi üçün Günəşə qarşı SPF kremlərindən istifadə etmək tövsiyə olunur".

S.Kərimova qeyd edib ki, birinci tip dərisi olanlar, eyni zamanda 1 yaşadək körpə uşaqlar üçün günə qarşı krem seçilərkən onun SPF 80-100 variantı seçilməlidir. İkinci tip dəri tipləri olanlar üçün SPF 30-50 istifadə oluna bilər.