Bu il Azərbaycanda heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb (FOTO)


Digərləri 16 İyl 2018 20:34:00 232 0

Bu il Azərbaycanda heyvanlar arasında təhlükəli manqo xəstəliyi aşkarlanmayıb (FOTO)

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bu ilin 6 ayı ərzində manqoya görə 38 704 baş təkdırnaqlı heyvanı diaqnostik müayinəyə (malleinizasiyaya) cəlb edib.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq Dövlət Baytarlıq Xidməti (DBX) bu ilin 6 ayı ərzində manqoya görə 38 704 baş təkdırnaqlı heyvanı diaqnostik müayinəyə (malleinizasiyaya) cəlb edib. DBX-dən Trend-ə verilən məlumata görə, aparılan müayinələrin nəticəsinə əsasən təkdırnaqlı heyvanlar arasında (atlar və ulaqlar) manqo xəstəliyinə görə yoluxma aşkar edilməyib. Qeyd edək ki, manqo təkdırnaqlı heyvanların xroniki gedişli infeksion xəstəliyi olub, ağciyərdə, burun boşluğunun selikli qişasında və dəridə irinli yaralara çevrilən spesifik düyünlərin əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyə əsasən, təkdırnaqlı heyvanlar həssasdır. Nadir hallarda dəvələr və pişik ailəsinə daxil olan yırtıcı heyvanlar xəstəliyə tutulur. Manqo xəstəliyinə insanlar da həssasdır. Xəstəliyin inkubasiya dövrü 3 günlə 3 həftə arasında olur. Gedişinə görə iti, xroniki və latent, patoloji prosesin inkişaf yerinə görə isə şərti olaraq burun, ağciyər və dəri formaları mövcuddur. İti forma zamanı temperaturun yüksəlməsi (41oC-dək yüksəlir), burun və gözün selikli qişasının hiperemiyası, heyvanın ümumi zəifliyi nəzərə çarpır. Xəstəliyin 2-3-cü günündə burnun selikli qişasında xırda sarı rəngli düyünlər əmələ gəlir. Bu düyünlər böyüyərək biri digəri ilə birləşir və nekrotik iltihab baş verir. Nekrotiki iltihab nəticəsində burun arakəsməsinin zədələnməsi, burundan qanlı-ixarozlu axıntı və tənəffüsün çətinləşməsi görünür. Xəstəlik nəticəsində regionar limfa düyünləri iltihaba uğrayır. Manqonun dəri forması zamanı ən çox baş, boyun, ətrafların dərisi üzərində əvvəlcə ağrılı şişlər əmələ gəlir, sonra bunlar sorulur və yerində bərk qabarcıqlar yaranır. Bir neçə gün keçmiş qabarcıqlar partlayır və yerində irinli yaralar əmələ gəlir. Səthi limfa damarları həcmcə böyüyür, sonra yumşalır və partlayır. Xəstəlik iti formada 2-4 həftə davam edir və çox vaxt ölümlə nəticələnir. Xəstəliyin xroniki forması zamanı periodik olaraq temperaturun yüksəlməsi, ağciyərin emfizeması, burun axıntısı, öskürək və çənəaltı limfa düyünlərinin böyüməsi görünür. Burun boşluğunun selikli qişasında yaralar və ulduzvari sağalmış yara yerləri nəzərə çarpır. Dəri forması zamanı arxa ətraflarda qalınlaşma nəzərə çarpır, bu da atın ayağını “fil” ayağına bənzədir. Xəstəliyin xroniki forması bir neçə aydan bir neçə ilə qədər davam edir.