BTC ilə 3 milyardıncı barel neft ixrac olundu (FOTO)


Digərləri 16 İyl 2018 17:49:00 349 0

BTC ilə 3 milyardıncı barel neft ixrac olundu (FOTO)

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3 929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Bakı. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli iyulun 14-də 3 929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb. “BP-Azerbaijan” şirkətindən Trend-ə verilən məlumata görə, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin yayında baş tutub. Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş, təxminən, 600 min barel həcmində “Azəri-Çıraq-Günəşli” (AÇG) xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində “British Hawthorn” tankerinə yüklənib və yeni Ceyhan Dəniz Terminalından yola salınıb. İlk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı, Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir. Qeyd olunub ki, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb. BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir: “İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir.