Terrorun media ayaqları...


Digərləri 16 İyl 2018 17:28:00 277 0

Terrorun media ayaqları...

Son.az aznews.az-a istinadla Taleh Şahsuvarlının yazısını təqdim edir:

Terror aktını hazırlayan qruplar, adətən, medianı hadisələrin mərkəzinə çəkməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, terror hər zaman cəmiyyətdə xof və xaos yaratmaq məqsədi ilə törədilir. Gerçəkləşdirilən qanlı aktlardan sonra həm icraçılara ictimai dəstək qazandırılması, həm də cəmiyyətin əsas kəsimlərində vahimə yaradılması üçün kütləvi kommunikasiya vasitələrindən istifadə edilir. Bu taktikanın qarşısının alınması üçün media qurumlarının rəhbərlərinin peşəkarlığı ilə yanaşı, rəsmi şəxslərin cəmiyyəti ardıcıl məlumatlandırmaları, lakin bu məlumatlandırma zamanı cəmiyyətin panik vəziyyətə düşməsinin qarşısını almağa diqqət göstərmələri çox mühümdür.

Təqdirə layiq haldır ki, Gəncədəki məlum terror hadisəsindən dərhal sonra rəsmi instansiyalar cəmiyyəti məlumatlandırmağa çalışdılar. Gəncənin icra başçısına silahlı hücum edilməsindən bir qədər sonra Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xüsusi açıqlama verdi. Əli Həsənovun həmin açıqlaması İctimai Əlaqələr konteksində ilk reaksiya kimi kifayət qədər səriştəli idi, Azərbaycan cəmiyyətini məlumatlandırmaqla yanaşı, terror aktını planlayanların qarşılarına qoyduğu xof və xaos yaratmaq məqsədini alt-üst edirdi. Əli Həsənov, heç şübhəsiz, təcrübəli dövlət yetkilisi kimi bilirdi ki, silahlı və qanlı insidentin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu cür araşdırma aparılmadan, konkret dəlillər istintaqa məlum olmadan hadisələri "terror" kimi təqdim etmək həm hüquq, həm də ictimai və milli maraqlar baxımından doğru olmazdı. Təsadüfi deyil ki, gün ərzində güc strukturlarının, xüsusi xidmət orqanlarının müvafiq məlumatları yayımlandı. Növbəti günlər ərzində də yeni məlumatlar verildi, təfərrüatlar açıqlandı. Prezident yanında baş vermiş hadisə ilə bağlı xüsusi müşavirə keçirildi və müşavirənin gedişi cəmiyyətə təqdim olundu. Dünən cəmiyyətə açıqlanan sonuncu məlumatlar isə özündə daha çox təfərrüatı ehtiva etməklə terror aktının tərtibçiləri haqqında geniş detalları əks etdirir.

Əgər sırf kütləvi kommunikasiya prinsipləri və texnologiyaları baxımından yanaşsaq, qətiyyətlə deyirəm ki, baş vermiş hadisə haqqında cəmiyyətin belə ardıcıllıqla məlumatlandırılması daha məntiqi və daha doğrudur. Çünki söhbət Azərbaycan dövlətini vətəndaşların gözündə etibarsızlaşdırmağı, ölkədə sabitliyi pozmağı hədəfləyən, zəncirvari həlqələrə malik bir terror aktından və qruplaşmasından gedir. İstənilən cinayət, xüsusən də terror kimi ağır cinayətlərlə bağlı bütün təfərrüatlar dərhal bəlli olmur, bəlli olanda belə istintaq aparıldığı üçün bəzi nüansların açıqlanması məqbul sayılmır. Bunun qarşılığında terrorun media ayaqları həmişə çalışırlar ki, müxtəlif dezinformasiyalar yaymaqla, hakimiyyət orqanlarının hadisələri önləyə bilməməsi və guya ziddiyyyətli açıqlamalar vermələri kimi tezisləri gündəmə gətirməklə dövlətlə vətəndaşlar arasında inamsızlıq yaratsınlar. Fəqət buna Azərbaycanda nail ola bilmədilər.