Lənkəranda həkimlərə qarşı 70 min manatlıq dələduzluq edən saxta vəkil məhkəmədə ifadə verib


Sosial 16 İyl 2018 16:49:00 282 0

Lənkəranda həkimlərə qarşı 70 min manatlıq dələduzluq edən saxta vəkil məhkəmədə ifadə verib

Məhkəmənin növbəti iclası iyulun 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuranə Sadıqovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham katına əsasən, N.Sadıqova 2017-ci ilin noybar ayında heç bir yerdə işləmədiyi və vəkillik fəaliyyəti ilə məşğul olmadığı halda, özgənin külli miqdarda əmlakını ələ keçirib.

Belə ki, o, Lənkəran rayonlararsı Psxiatriya xəstəxanasının həkimi vəsifəsində işləyən Fərid Məmmədova, Lənkəran rayonlararsı Onkoloji xəstəxanasında xadimə işləyən Sələmə Mirzəyevaya, Lənkəran rayonlararsı Psxiatriya xəstəxanasını həkimi vəsifəsində işləyən Hüsməddin Alicanova özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib.

N.Sadıqova heç bir tibbi sənəd olmadan ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin təyin edilməsi faktı ilə bağlı həmin şəxslərin barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai araşdırmaya xitam veriləcəyinə, heç bir tibbi sənəd olmadan ayrı-ayrı şəxslərə təyin edilmiş əlillik dərəcələri üzrə pensiyaların dayandırılmayacağına, onların istintaq orqanlarına çağırılmayacağına dair yalan vədlər verərək aldadıb.

O, Sələmə Mirzəyevayanın 20 min manat pulunu, Fərid Məmmədovun vasitəsi ilə Hüsməddin Alicanovun 40 min manat pulunu, Fərid Məmmədovun isə 10 min manat pulunu dələduzluq yolu ilə alıb.

N.Sadıqova hər üç şəxsdən ümumilikdə 70 min manat pulu aldatma yolu ilə ələ keçirərək, öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq edib. O, Fərid Məmmədov, Hüsməddin Alicanov, Sələmə Mirzəyevanı vəzifəli şəxsə qanunsuz hərəkətlərə görə maddi nemət verilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik edib.

N.Sadıqovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə N.Sadıqova özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O deyib ki, Lənkəran şəhərində anadan olub, hazırda Ukraynada hüquq təhsili alır: "Məhkəmədə "praktika" keçsəm də, vəkil kimi fəaliyyət göstərməmişəm. Lənkərnda biznes fəaliyyəti ilə də məşğul olmuşam. Ailə həyatı qursam da, sonra boşanmışam, bir övladım var. Hazırda Bakıda kirayədə yaşayıram".

O bildirib ki, Sələmə Mirzəyevayadan 20 min manatıborc alıb: "Sələmə Mirzəyevadan pulu başqa adam alıb. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət olundu. Mən də həmin pulu notarial qaydada ona qaytardım. Fərid Məmmədovdan da faizə pul almışam. Pulları öz biznesimi qurmaq üçün istəmişdim. Xırdalanda icarəyə mağaza götürüb işlədirəm".

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, N.Sadıqovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.