Türkiyədə tibb təhsili almaq istəyənlərin nəzərinə


Digərləri 16 İyl 2018 15:44:00 271 0

Türkiyədə tibb təhsili almaq istəyənlərin nəzərinə

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 36 (otuz altı) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 nəfər namizədin Gülhanə Tibb Fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.