ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb FOTO


Digərləri 16 İyl 2018 14:17:50 335 0

ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənədi Nazirliyin Aparat rəhbəri Anar Əliyev və "Regional İnkişaf" İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.

A.Əliyev bildirib ki, imzalanan sənəd Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələri ilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinə, onların qayğı mühiti ilə əhatə olunmasına mühüm töhfələrini verir.

Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradıldığını qeyd edən A.Əliyev bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verib. Fondun mühüm sosial layihələrindən biri də "Məzun evi" Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.

O qeyd edib ki, imzalanan Memoranduma əsasən, Fondun "Regional İnkişaf" İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq etməklə intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək: "Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Proqramın icrasında əməkdaşlığa dair imzalanan Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları üçün bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar. Nazirlik özünüməşğulluq proqramının icrası və genişləndirilməsi işlərində digər tərəfləri də əməkdaşlığa, birgə fəaliyyətə dəvət edir və buna hazırdır".

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin sədri M.Abdullayev vurğulayıb ki, Fond yarandığı gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün Fond tərəfindən ardıcıl və əhatəli layihələr, proqramlar həyata keçirilir.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun layihə və təşəbbüsləri fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hərtərəfli təminatı və reabilitasiyasına diqqət və qayğının artılmasına yönəlib. Fondun xüsusi qayğıya ehtiyacı olan və əlilliyi olan şəxslərlə bağlı bu günədək reallaşdırdığı layihələr arasında Bakıda və regionlarda reabilitasiya mərkəzlərinin və müəssisələrinin yaradılması mühüm yer tutur. Bu mərkəz və müəssisələr ölkədə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun yaradılmasına əhəmiyyətli töhfə verməklə yanaşı, fiziki imkanları məhdud gənclərin peşə reabilitasiyası və onların yaradıcılıq potensialının artırılmasında mühüm rol oynayır.


Xəbərə aid fotolar