DQİDK və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib


Digərləri 16 İyl 2018 13:02:00 257 0

DQİDK və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media rəhbərləri, millət vəkilləri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan M.Qurbanlı bildirib ki, sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir: “Hesab edirəm ki, mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir". Komitə sədri qeyd edib ki, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai siyasi sabitliyi pozmağa cəhd edir. M.Qurbanlı bildirib ki, media bu mövzuları işıqlandıran zaman diqqətli olmalıdır, məsələyə həssaslıqla yanaşmalıdır. Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, dünyada çox qəribə proseslər gedir və bu proseslərin heç biri müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir: “Həm ərəb baharları, həm rəngli inqilablar nəticə etibarı ilə müsəlman dövlətlərinin dağılmasına, insanların ölməsinə, ac susuz qalmasına, qaçqına çevrilməsinə səbəb olub”. O qeyd edib ki, bəzi qüvvələr çalışırlar ki, məhz İslamın terror dini olduğu, terroru ancaq İslam dininə sitayiş edənlərin törətdiklərini sübut etsinlər: “Din adı altında gizlənən ekstremist-radikal qruplar var. Bu qruplar Azərbaycanda da var və zaman-zaman məqam tapan kimi başlarını qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin və xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi və xalq orada öz sözünü dedi və dəstəyini ifadə etdi. Bu gün Azərbaycan xalqı öz prezidentindən çox razıdır və biz 15 il bundan əvvəlki vəziyyətlə bu günkü vəziyyəti müqayisə edəndə bunun şahidi oluruq”. B.Sadıqov bildirib ki, terror törədib Azərbaycanda sabitliyi pozmaq istəyən bir nəfər də cəzasız qalmayacaq: “Biz jurnalistlər bu cür insanlara qarşı dayanmalıyıq”.