Azərbaycan və İran gömrük xidmətləri arasında işçi görüş keçirilib (FOTO)


Digərləri 16 İyl 2018 12:38:00 275 0

Azərbaycan və İran gömrük xidmətləri arasında işçi görüş keçirilib (FOTO)

Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Bakı. Azərbaycan Respublikası və İran İslam Respublikası gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətləri İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində bir araya gəliblər. Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İranı isə Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri və digər rəsmi şəxslər təmsil edib. Öncə İran İslam Respublikasının Culfa şəhərində baş tutan görüşdə iki qonşu ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açılıb, Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib. İran İslam Respublikası Maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Fərud Əsgəri İran hökumətinin hər zaman Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən gömrük işində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib. Birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirən Fərud Əsgəri tərəflər arasında bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsində önəmini vurğulayıb, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin əməkdaşlığın davamlı inkişafına müsbət təsirindən danışıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və İran arasında tarixi bağlılığa toxunaraq iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb. Komitə sədri Azərbaycan və İran dövlət başçılarının rəhbərliyi ilə iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini söyləyib. Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolunu diqqətə çatdıran Səfər Mehdiyev əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. Görüşdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında iki ölkənin gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə dair reallaşdırılan ilkin məlumat mübadiləsinin pilot layihəsinin artıq tam həyata keçirilməsi üçün müzakirələr aparılıb, o cümlədən, qaçaqmalçılıqla mübarizə və tranzit keçid sahəsində bəzi məsələlər müzakirə olunub. Azərbaycan tərəfi İran gömrüyündə "bir pəncərə" prinsipinin tətbiqinə dair təklif irəli sürüb və bu istiqamətdə Azərbaycan Gömrük Xidmətinin təcrübəsinin öyrənilməsi və dəstək göstərməsi razılaşdırılıb. XXX