Helsinkidə Putinlə Trampın görüşünə hazırlıq gedir, sakinlər isə etiraz edirlər


Dünya 16 İyl 2018 11:11:46 285 0

Helsinkidə Putinlə Trampın görüşünə hazırlıq gedir, sakinlər isə etiraz edirlər

Helsinki polisi piyadaların Prezident sarayının olduğu Ticarət Meydanına çıxışını bağlayıb

Finlandiyanın paytaxtı Helsinkidə polis Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın bu gün görüşəcəyi Prezident Sarayının olduğu Ticarət Meydanına piyadaların çıxışını bağlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ərazidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb, meydana yan alan bərələrin marşrutları dəyişdirilib, amma meydan ərazisində avtomobillərin hərəkəti hələ davam edir.

Ümumiyyətlə, görüş Helsinkidə Prezident Sarayının Qotik zalında keçiriləcək. Putinlə Trampın birgə mətbuat konfransı, adətən, xarici liderlərin səfərləri ilə əlaqədar ziyafətlərin verildiyi Dövlət zalında baş tutacaq. Liderlərin nümayəndə heyətləri ilə birgə danışıqları isə Kiçik və ya Güzgülü zalda keçiriləcək.

Bu arada, təqribən, 2,5 min Finlandiya sakini ABŞ Prezidenti Donald Trampın ölkəyə gəlməsinə etirazlarını ifadə etmək məqsədi ilə paytaxt keçələrinə çıxıb. Onlar üzərində "Helsinki insan hüquqlarına riayət edilməsinə çağırır" yazılmış plakatla paytaxtın mərkəzi küçəsindəhərəkət edirlər.

Qeyd edək ki, Vladimir Putin ilə Donald Tramp arasındakı görüş Bakı vaxtı ilə saat 14:15-də başlayacaq və mətbuat konfransı da nəzərə alınmaqla, təxminən, üç saat davam edəcək.