Bakıda dəhşətli qətl: “Cəsədi doğrayıb gizlətmək qərarına gəldim"


Digərləri 15 İyl 2018 10:39:00 281 0

Bakıda dəhşətli qətl: “Cəsədi doğrayıb gizlətmək qərarına gəldim"

Rəfiqəsini xüsusi amansızlıqla qətlə yetirən qadın: "Çəkici götürüb arxadan ona yaxınlaşdım, bir neçə dəfə başından zərblə vurdum, yerə yıxıldı. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olduqdan sonra o biri otağa keçdim. Səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord yazdım. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim".

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini xüsusi amansızqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 50 yaşlı Qorlova İrina Vasilyevnanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zibil qutularındakı insan əzaları

Son.az-ın virtualaz.org-a istinadla xəbərinə görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospekti, 188 ünvanında yerləşən binanın tinindəki zibil qutularından insan əzaları aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən doğranmış cəsədin 50-60 yaşlarında qadına məxsus olduğu müəyyənləşdirilib. Ərazidən qadının başı, ayaqları, daxili orqanları aşkarlansa da, yerdə qalan əzaları tapılmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması, fevralın 12-də onun İrina Qorlova tərəfindən öldürülüb, balta ilə meyiti hissələrə bölündükdən sonra zibil qutusuna atılması müəyyən edilib.

Uşaq evindən türməyə, oradan azadlığa, sonra bir daha məhkumluğa

İttihama görə, İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb...

Uşaq evində böyüyən İrina Qorlova ilk dəfə 1996-cı ildə narkotik vasitələrin satışına görə məhkum olunub. 2001-ci ildə azadlığa buraxılıb. Daimi yaşayış yeri olmayıb, saunada işləyib, yüngül həyat tərzi sürüb. Həmin ərəfələrdə Sadiq adlı bir nəfərlə tanış olub, onunla müxtəlif ünvanlarda kirayədə yaşayıb. Bu münasibət 10 ildən artıq davam edib.

Gələcəyin ən qəddar qatili, içki düşkünü əyyaş qadınlar, həbsə atılan gənc sevgili

Qonşuluqda yaşayan Sabina Todoseyçukla yaxın rəfiqə olan İrina Sadiqdən ayrıldıqdan sonra kirayə pulu verə bilmədiyinə görə onun yanına köçüb. Elə sonradan tanış olacağı və amansızcasına qətlə yetirəcəyi Lyubovu da məhz bu evdə görüb-tanıyıb:

"Xadiməlik edir, özümü dolandırırdım. Mən Sabinanın evinə köçəndə Lyubov Bülbülədəki evini kirayə verib artıq orada yaşayırdı. Onun Vlad adında cavan sevgilisi olub, bütün pullarını həmin oğlana xərcləyirmiş. Vlad isə həm də Sabina ilə sevgiliymiş. Üçü birlikdə Lyubovun evində yaşayıblar. Sonradan Vladın hər ikisi ilə dava-dalaşı düşüb, həbs olunub, 12 il iş alıb. Mən Sabinagilə köçəndə Vlad həbsdə idi. Sabina hər dəfə araq içən kimi Lyubovla dalaşır, sevgilisinin həbsində onu günahlandırırdı. Ona görə də, Lyubov ötən il noyabrda Sabinanın yanında qalmayıb Bülbülədəki evinə köçdü".

"Lyubov öldükdən sonra evi mənə qalacaqdı"

Günlərin birində bazarlıq edib Lyubovun yanına yollanan İrina ev sahibindən gözlənilməz təklif alır. Ev sahibi yanına köçməyi, ona qulluq etməyi, əvəzində isə pul almayacağını deyir. Onun təklifi ilə razılaşan İrina tez bir zamanda Bülbüləyə köçür. Beləcə, sv sahibi evinin qapısını gələcək qatilinin üzünə açır:

"Onun qohumu yox idi. Aramızdakı anlaşmaya əsasən, ona qulluq edəcəkdim, bunun qarşılığında məni qeydiyyata salacaqdı, gələcəkdə əlil olarsa, vərəsəlik verəcəkdi və öldükdən sonra həmin ev mənə qalacaqdı. Məni qeydiyyata saldırdı. Bunun müqabilində mən də evin təmizlik işlərinə baxırdım, bazarlıq edirdim, mənim hesabıma yaşayırdıq".

"Deyirdim, xəstəyəm, pulumu müalicəyə xərcləmişəm, söyürdü"

Ötən il dekabrın sonlarında İrina infarkt keçirib, bir ay Sabunçu xəstəxanasında müalicə olunub, evə qayıdandan sonra əvvəlki kimi işləyə bilmədiyindən Lyubovla aralarında narazılıq yaranıb. Yaşlı ev sahibəsi ondan ərzaq, araq almağı tələb edib, pul olmadıqda isə dava salıb: