Qızla tanış ola bilməyən, milyonluq layihə yaradan Elçin: "Biz paralel dünya qurmuşuq" FOTO


Digərləri 15 İyl 2018 01:30:00 347 0

Qızla tanış ola bilməyən, milyonluq layihə yaradan Elçin: "Biz paralel dünya qurmuşuq"  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"2015-ci ildə axşam qatarla Londondan Kembric şəhərinə partiyə gedirdim. Qatarda bir qız gördüm, mənimlə üzbəüz oturmuşdu. Diqqətimi çəkdi. O da mənə baxırdı. Düşündüm ki, Kembricdə qatardan düşəndə yaxınlaşıb ünsiyyət quracağam. O, Fokston stansiyasında düşdü. Mən də onun arxasınca getdim. Qız geri çevrilərək mənə baxıb gülümsədi. Bu zaman maşinist qatarın yola düşdüyünü elan etdi. Mənim telefonum və digər əşyalarım qatarda qalmışdı. Tələsik qatara qayıtmaq məcburiyyətində qaldım.

Çox pərt olmuşdum ki, qıza yaxınlaşdım, amma bir söz deyə bilmədim. Həmin hadisədən sonra tanış olmaq üçün daha asan vasitənin vacib olduğunu  anladım. Biz daim ətrafdakı insanları itiririk. Texnologiya buna kömək olmalıdır. Azərbaycana qayıtdıqdan sonra komandam ilə birlikdə bu məsələnin həlli yollarını araşdırdıq və nəticədə "Onbranch" meydana çıxdı".   Bu sözləri bizimlə söhbətində "Onbranch" startap layihəsinin təsisçisi Elçin Əskərov dedi. Və bu layihə gələn il İsveçrədə keçiriləcək "Seedstars World" sammitinin final mərhələsində ölkəmizi təmsil edəcək.   Qeyd edək ki, E.Əskərov 1989-cu ildə Lənkəran şəhərində doğulub. Daha sonra Rusiyanın Surqut şəhərinə köçüblər, orta məktəbi orada davam etdirib. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alan E.Əskərov, təhsilini  İtaliyanın Florensiya və Uelsin paytaxtı Kardiff şəhərində davam etdirib: "Bu günə kimi memarlıqla bağlı bəzi dövlət layihələrində iştirak etmişəm. O layihələrdən olan gəlirimi "Onbranch"ın reallaşdırılmasına sərf etmişəm. İlkin mərhələdə İT sahəsinə hobbi olaraq yanaşırdım. Əslində, həmin dövrdə bu sahədən pul qazanmaq niyyətim də yox idi. Düzü, indi də kimsə deyəndə ki, layihənin  milyon dollarlıq potensialı var, bu, mənə həyəcan vermir. Çünki məqsədim İT sahəsinin köməkliyi ilə  gündəlik real məsələləri həll etməkdir, nəinki, layihəni yaradıb baha qiymətə satmaq".

Həmsöhbətim deyir ki, "Onbranch"dan əvvəl bir layihə hazırlayıb, amma müəyyən səbəblərdən baş tutmayıb. Deyir ki, əslində "Onbranch" həyata keçirə bilmədiyi həmin layihənin davamı hesab oluna bilər: "Bundan əvvəl bir layihə üzərində işləyirdim. Hələ, 2009-cu ildə ilk dəfə canlı yayım funksiyasını tətbiq etmək istəyirdim. Bu, o vaxtı, indi sosial şəbəkələrdə tətbiq olunan canlı yayıma bənzər layihə idi. Amma onu həyata keçirmək kifayət qədər maddi vəsait tələb edirdi. Mənim də  maddi vəziyyətim buna imkan vermirdi. Həmçinin, layihənin əhəmiyyətinə də inananlar az idi. Hesab edirdilər ki, "chat" varkən buna nə ehtiyac olacaq. Həmin layihəni həyata keçirmək üçün banklara üz tutdum, bir sıra insanlarla görüşdüm, əhəmiyyətini onlara izah etdim. Amma maraqlanan olmadı. Deyirdilər ki, bu, "Google" üçün proyektdir. Bunu deyənlərə başa salmaq istəyirdim ki, layihəni hazırlayıb "Google"a təklif edə bilərik. Daha sonra banklardan birinə biznes krediti üçün müraciət etdim. Layihə haqqında məlumat verdikdən sonra bank rəhbərliyi bildirdi ki, təsərrüfat üçün kredit vermək daha rahatdır, çünki təsərrüfatdan gələcək gəliri hesablamaq daha asandır. Sizin layihə isə sual altındadır. Heç kim mənə dəstək olmadı. Beləcə, maddi vəsait çatışmazlığından bu işimdən əl çəkib 2011-ci ildən yenidən köhnə işimə, memarlığa qayıtdım. Həmin ərəfədə özümə söz verdim ki, bir də İT sahəsi ilə məşğul olmayacağam. Lakin zaman keçdikcə tələbatın artdığını gördüm. Başa düşdüm ki,  heç kim bunu etməyib və belə bir şeyə ehtiyac var. Əslində, kimsə daha əvvəl  "Onbranch" tipli layihə yaratsaydı, indi mən İT sahəsi ilə deyil öz ixtisasım üzrə işləyib, binalar tikirdim" .


Xəbərə aid fotolar