Qəribə adı, qədim tarixi olan kənd: Onun balına


Digərləri 14 İyl 2018 22:43:00 245 0

Qəribə adı, qədim tarixi olan kənd: Onun balına

Bu problemlər ucbatından 1400 nəfər sakini olan kənddə hazırda 886 nəfər yaşayır

Astara rayonunun Miki kəndi nəinki respublikada, hətta bəzi xarici ölkələrdə də məşhurdur. Bu məşhurluğu Mikiyə kənddə tədarük edilən "bal" gətirib. "Miki balı", demək olar ki, hər yerdə tanınır.

Miki kəndinin 67 yaşlı sakini, uzun illər Miki kənd orta məktəbinin direktoru işləmiş, Azərbaycan dili və ədəbiyyat müəllimi Xanağa Hüseynov da kənd sakinlərinin əksəriyyəti kimi arıçılıqla məşğuldur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Xanağa müəllimin dediyinə görə, Miki kəndinin ərazisi əvvəllər yaylaq olub: "Dədə-babalarımız yaylağa köçüblər. Əvvəlcə çadırlarda məskunlaşıblar, sonra isə gildən evlər tikib yaşamağa başlayıblar. Kənd, təxminən, XX əsrin əvvəllərində illərində heyvandarların otlağı olub. Burada 5-6 ev, 2-3 tayfa, onların da 3-4 təsərrüfatı olub. Getdikcə nəsillər artıb və Miki əmələ gəlib".

Miki kəndinin adına gəlincə isə öyrəndik ki, bununla bağlı iki versiya var. Birinci versiyaya görə, təxminən XII əsrdə Monkin adlı tatar sərkərdə bu ərazilərdə gedən döyüşlərdə həlak olub və kəndin meşə ərazilərində qəbiristanlıqda dəfn edilib. Ehtimal olunur ki, kəndin adı da Monkinin öldüyü yer kimi Miki qalıb.

Digər variant barədə isə Xanağa müəllim məlumat verir: "Mən bir iranlı alimin "Kadusilər"in tarixi haqqında yazdığı kitabdan talışların tarixi barədə oxumuşam. Orada bizim kənd haqqında da qeyd edilib. Lakin həmin kitabda "Miyanküy" adı ilə yazılıb. "Miyan" talışca "orta", "küy" isə "dağlar" deməkdir. Yəni dağlar ortasında kənd. Sonradan isə tələffüzə uyğun olaraq dəyişdirilərək "Miki"yə çevrilib".

Xanağa müəllimin babaları 1918-ci ildən Mikidə arı saxlayıblar: "O vaxt 4 kişi birləşib arıçılıq təsərrüfatı yaradıblar. Meşə ağaclarının içərisini kəsib-yonublar, arılar üçün yeşiklə, səbətlər düzəldiblər. Arı kovuşlarını həmin yeşiklərə köçürüblər. Sovet vaxtı isə indiki formada olan arı yeşikləri çıxıb, həmin yeşiklərdən istifadə edərək arıçılığı daha da artırıblar".

"Sonra Astarada Arıçılıq Sovxozu yaradıldı. Sovxozda olan arı təsərrüfatının əksəriyyəti babamın arı ailələrindən təşkil edilmişdi. Atam da həmin sovxozda briqadir işləyirdi" - deyə əlavə edir həmsöhbətimiz.

Hazırda mikililərin əsas məşğuliyyəti arıçılıq, maldarlıq və sitrusçuluqdur. Sitrusçuluq son illərdə inkişaf etdirilib. Həm gəlirli sahə, həm də sitrus ağaclarının arıçılığa çox xeyri olduğuna görə. Belə ki, arılar sitrus meyvələrinin çiçəklərindən nektar çəkir.

Mikidə cır xurma, ağcaqayın, cökə ağacları da var ki, arıçılıq üçün xeyli faydalıdır. Arıçılar may balını süzəndən sonra arıları meşəyə aparırlar. Təqribən, avqustun 20-nə kimi orada saxlayırlar. Miki balını həm dadına, həm keyfiyyətinə, həm də qoxusuna görə fərqləndirən cəhətlərdən biri də elə budur.

Xanağa Hüseynov vurğulayır ki, Miki balı o qədər məşhurdur ki, Rusiya çarı I Pyotr belə, bu baldan istəyib.


Xəbərə aid fotolar