Nazir: "Əlillik və pensiya təyinatları üzrə ciddi qanunsuzluqlar aşkarlanıb"


Digərləri 14 İyl 2018 18:20:00 236 0

Nazir: "Əlillik və pensiya təyinatları üzrə ciddi qanunsuzluqlar aşkarlanıb"

Əlillik və pensiya təyinatları üzrə ciddi qanunsuzluqlar aşkarlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Son.az-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirilən müşavirədə deyib.

S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılığın pozulduğunu, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verildiyini, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb. Bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır.

Nazir sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması sahəsində DSMF-nin bir sıra rayon və şəhərlər üzrə göstəricilərinin aşağı olduğunu, bu istiqamətdə ciddi tədbirlərin görülməsini, proqnozların düzgün tərtib olunması və icrası üçün metodologiyanın hazırlanmasını tapşırıb. S.Babayev araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində də ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması hallarının aşkar edildiyini, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib. Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.

S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb.

Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək. S.Babayev reabilitasiya müəssisələrində də noqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.