Bərdədə qəbiristanlıqda yanğın baş verib, qəbirlərə ziyan dəyib


Sosial 14 İyl 2018 15:45:15 278 0

Bərdədə qəbiristanlıqda yanğın baş verib, qəbirlərə ziyan dəyib

Yanğın ümumilikdə 1 hektar əraziyə yayılıb

Bərdə rayonu ərazisində yerləşən Lək qəbirstanlığında bu gün günorta saatlarında yanğın baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

İlkin ehtimallara görə, Lək kənd qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbiristanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 400-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, ağacların gövdəsi yanıb.

Lək qəbiristanlığında başlayan yanğın ümumilikdə 1 hektar əraziyə yayılıb, quru ot yanıb. Yanğından mühafizə xidmətinin, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.