Azərbaycan əhalisinin sayı 10 milyona çatır


Digərləri 14 İyl 2018 12:58:00 282 0

Azərbaycan əhalisinin sayı 10 milyona çatır

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 31 min 428 nəfər və ya 0,3 faiz artaraq bu il iyun ayının 1-i vəziyyətinə 9 milyon 929 min 513 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.