Almaniyada azərbaycanlılarla görüş keçirilib (FOTO)


Digərləri 14 İyl 2018 12:50:36 263 0

Almaniyada azərbaycanlılarla görüş keçirilib (FOTO)

Almaniyada azərbaycanlılarla görüş keçirilib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransadan sonra Almaniyada bir sıra rəsmi görüşlər keçirib, bu ölkədə yaşayan azərbaycanlılarla bir araya gəlib, onlarla müxtəlif mövzularda müzakirələr aparıb. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sədr əvvəlcə Azərbaycanın Almaniyadakı səfirliyində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Daha sonra Federal Kansler Aparatının idarə rəisi Mattias Lüttenberqlə və Almaniya Daxili İşlər Nazirliyinin qaçqınlar və miqrasiya məsələləri üzrə müvəkkili Kristian Klosla müxtəlif mövzularda geniş müzakirələr aparılıb. F.Muradovun Almaniya səfəri, həmçinin azərbaycanlı ailələrlə və orada təhsil alan gənclərlə keçirilən maraqlı görüşlərlə yadda qalıb. Azərbaycanlı tələbələrlə həm də işgüzar nahar təşkil edilib. Almaniyanın şərq bölgələrində yaşayan azərbaycanlılar və diaspor təşkilatlarının rəhbərləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışılıb. Maraqlı dialoq və müzakirələrlə müşayiət olunan görüşlərdə azərbaycanlılar onları narahat edən məsələləri dilə gətirib və təkliflərini səsləndiriblər. Azərbaycan nümayəndə heyəti ölkəmizdən məzun olmuş alman ziyalılarla da görüşüb, onlarla geniş fikir mübadiləsi aparılıb. Görüşlərdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin