Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi


Digərləri 14 İyl 2018 10:21:00 291 0

Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi

Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi

Bakı. Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış və ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər artıq qüvvəyə minmişdir. Trend-in məlumatına görə, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar. Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürüləcək. Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib.