"Birinci dəfə idi belə istidə futbol oynayırdıq"


İdman 13 İyl 2018 15:38:00 301 0

"Birinci dəfə idi belə istidə futbol oynayırdıq"

“Cavab görüşü öncəsi Neftçi-nin böyük üstünlüyü var. Amma özümüzə inanmalı və növbəti matçda qalib gəlməliyik”. Bu sözlər Macarıstan Ujpest-inin futbolçusu Soma Novotnıya məxsusdur. Goal.az xəbər verir ki, 24 yaşlı hücumçu səfər zamanı yaranan problemin onlara çətinlik yaratdığını söyləyib:

“İlk qolu biz vursaq da, sonradan Neftçi matça dominantlıq etməyə başladı, üstünlüyü ələ aldı. Bizim üçün çox çətin oldu. Çünki səyahətimiz elə də asan keçməmişdi, bəzi çətinliklərlə üzləşmişdik. Fiziki durumumuz qaydasındadır. Sadəcə, 8 saatlıq yol qət etməyimiz öz təsirini göstərdi. Açıq havada məşq keçə bilməmişdik. Səfərdə baş verən problemlə bağlı əlavə nəsə demək istəmirəm. Çünki klubum bundan narahat ola bilər".

Novotnı isti hava şəraitinin nəticəyə təsirini inkar edib: "Birinci dəfə idi belə istidə futbol oynayırdıq. Üstəlik, qarşılaşmadan bir gün əvvəl məşq keçə bilməmişdik. Bu amillər işimizi daha da çətinləşdirirdi. Macarıstanla müqayisədə buranın havası çox istidi. Ancaq deməzdim ki, nəticəyə əsas səbəb məhz bu oldu. Sadəcə, Neftçi bizdən yaxşı idi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.