Bu şəxslərə pensiya, müavinət və təqaüd ödənişləri dayandırıldı


Digərləri 13 İyl 2018 11:50:00 258 0

Bu şəxslərə pensiya, müavinət və təqaüd ödənişləri dayandırıldı

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yalnış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi qrupunun növbəti iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.

İclasda S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"yə, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.