İlahiyyatçı alimlər: "Əminik ki, ölkə dindarları radikal qrupların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər"


Digərləri 13 İyl 2018 10:41:00 361 0

İlahiyyatçı alimlər: "Əminik ki, ölkə dindarları radikal qrupların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər"

Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyatçı alimləri Gəncədə baş verən terror hadisələrinə dair bəyanat veriblər.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə daxil olan bəyanatda bildirilir ki, radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır:

"Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapıb. İslam dininin əsas mənbəsi olan müqəddəs Qurani-Kərimdə günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir. Peyğəmbərimiz (s), onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildiriblər. Bu baxımdan radikalların öz əmələrini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox Şərq ölkəsini necə məhv etdiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər".