Millət vəkili: Bir sıra lazımsız televiziya proqramlarının uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik (FOTO)


Digərləri 12 İyl 2018 16:24:36 213 0

Millət vəkili: Bir sıra lazımsız televiziya proqramlarının uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik (FOTO)

Millət vəkili Qənirə Paşayeva "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfransda iştirak edib.

Bakı. Millət vəkili Qənirə Paşayeva "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfransda iştirak edib. Trend-in məlumatına görə, millət vəkili çıxışına Prezident İlham Əliyevin hər zaman müşavirələrində səsləndirdiyi "xalqın maraq və mənafeləri hər şeydən üstündür" düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət göstərməyə, onların həlli istqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb: "Cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, məmurlar xalqın xidmətçiləriyik və ona yaxşı xidmət göstərmək üçün daha çox çalışmalı və həssas olmalıyıq. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır. Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə daha böyük səylə birlikdə çalışmalıyıq”. Bu cür tədbirin keçirilməsi üçün "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevaya təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı, şəhidlərimizlə bağlı tədbirlərin tez-tez keçirilməsi, şəhid ailələrinə daha çox diqqət və qayğının göstərilməsi hər bir azərbaycanlının vəzifəsidir deyib. "Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır", - deyən millət vəkili dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışıb: "Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər". Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.