Bakı Ali Neft Məktəbində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təqdimat keçirilib (FOTO)


Digərləri 12 İyl 2018 11:53:42 280 0

Bakı Ali Neft Məktəbində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təqdimat keçirilib (FOTO)

İş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib.

Bakı. İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BANM-ın birgə təşkilatçılığı ilə iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib. Tədbirin əsas məqsədi əməyin təhlükəsizliyi məsələsinə diqqətin artırılması və ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin iştirakı ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən geniş təbliğ olunan “Vision Zero” təşəbbüsü (“sıfır ölüm hadisəsi, ciddi xəsarət və peşə xəstəliyi”) üzrə təqdimatın keçirilməsi olub. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ISSA-nın prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) baş direktoru Yoakim Bröyer, ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən müxtəlif transmilli şirkətlərin nümayəndələri, BANM-ın professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan E.Qasımov qonaqları salamlayaraq bildirib ki, bəzən müxtəlif səbəblərdən iş yerlərində bədbəxt hadisələr baş verir, nəticədə müəssisələrə və onların əməkdaşlarına ciddi zərər dəyir. Rektor hər bir şirkətdə və müvafiq qurumlarda bu hadisələrin qarşısını almaq üçün təlimlərin və maarifləndirmənin vacib olduğunu vurğulayıb. E.Qasımov Ali Məktəbdə ƏƏSMN-nin təşəbbüsü ilə keçirilən hazırkı tədbirin də bu məqsədlə təşkil olunduğunu söyləyib. M.Kərimli istehsalatda baş verən bədbəxt hadisələrin əməyin təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsindən, bir çox hallarda isə əməyin mühafizəsi normalarının tətbiqinə biganə münasibətdən və ya bu sahədə məlumatlılığın aşağı səviyyədə olmasından irəli gəldiyini qeyd edib. Nazir müavini bildirib ki, belə hadisələrin baş verməməsinin mümkünlüyü ilk növbədə hər bir işçinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasından, istehsalatda qəza hallarının qarşısının alınması üçün vacib olan önləyici tədbirlərin görülməsindən birbaşa asılıdır. Bu mənada ISSA-nın “Vision Zero” təşəbbüsünün təbliği ilə yanaşı, bu təşəbbüsün praktik müstəvidə geniş şəkildə reallaşdırılması xüsusi önəm kəsb edir. M.Kərimli əməyin təhlükəsizliyinə nəzarət sisteminin innovativ üsullar əsasında təkmilləşdirilməsinin bu gün ƏƏSMN-nin əsas hədəflərindən olduğunu deyib, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında nazirlik tərəfindən aparılan məlumatlandırma işlərini diqqətə çatdırıb.