Həmkarlar İttifaqları Konfederasiyası Gəncə hadisələri ilə bağlı bəyanat yaydı


Digərləri 11 İyl 2018 19:48:00 344 0

Həmkarlar İttifaqları Konfederasiyası Gəncə hadisələri ilə bağlı bəyanat yaydı

Gəncə şəhərində törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş süi-qəsd və daxili işlər orqan əməkdaşlarının radikal dini təmayüllü terrorçular tərəfindən qətlə yetirilməsi Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə istiqamətlənmiş və ölkədə xaos yaratmaq cəhdidir. Təəssüf ki, birinci hadisə baş verdikdən dərhal sonra radikal dini internet səhifə və saytlar vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılarla bağlı kütləvi informasiya vasitələri terroru törədən şəxsi "qəhrəman" səviyyəsinə yüksəltməyə çalışdılar. Törətdikləri cinayətlərə görə ölkədən qaçaraq müxtəlif ölkələrə sığınan, özünü "müxalifətçi" adlandıran qüvvələr bu cinayətkarları sosial şəbəkələrdə müdafiə etmək üçün müdafiə komitəsi yaratmaqdan belə çəkinmədilər. Bir sıra saytlarda isə Youtube kanalı vasitəsilə üsyana səsləyən çağırışlar yayımlandı.

Beləliklə, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, onun bugünkü sürətli inkişafını gözü götürməyən xarici qüvvələr və onları dəstəkləyən bir ovuc daxili səbatsız ünsürlər daha da irəli gedərək 10 iyul tarixində Gəncə şəhərinin icra hakimiyyətinin inzibati binasının qarşısında icazəsiz aksiya keçirərək, insanların təhlükəsizliyini təmin edən yüksək rütbəli iki polis əməkdaşını qəddarlıqla qətlə yetirdilər. Hesab edirik ki, hər bir halda terrora bəraət qazandırmaq yolverilməzdir.

Milyon yarımadək həmkarlar ittifaqı üzvünü təmsil edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, ölkədə xaos yaratmaq məqsədilə bu terror aktını həyata keçirənlər az müddətdə müəyyənləşdirilməli, respublika qanunları çərçivəsində ciddi şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan dövlətinin milli maraqları hər bir vətəndaş tərəfindən qətiyyətlə qorunmalıdır. Respublikamız müstəqillik qazandıqdan sonra bir sıra ağır sınaqlardan çıxdığı kimi, bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaqdır.