"Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz"


Digərləri 11 İyl 2018 19:33:00 306 0

"Heç bir qüvvə zamanın sınaqlarından çıxmış Azərbaycan xalqının birliyini sarsıda bilməz"

Bu gün Azərbaycan Respublikası demokratik dəyərlərə əsaslanan inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində həyata keçirdiyi siyasət xalqımızın tarixi ənənələrinə əsaslanmaqla, digər dövlətlərə nümunə olacaq səviyyədədir. Sağlam cəmiyyətin, güclü dövlətin təməli kimi şəxsiyyətyönümlü siyasəti özünün başlıca hədəfi elan edən Azərbaycan dövləti hər bir vətəndaşına yüksək dəyər verir. Əlbəttə, müharibələrin, terror aktlarının, təlatüm və çaxnaşmaların tüğyan etdiyi müasir dövrdə insani dəyərlərə əsaslanan siyasətin ardıcıl şəkildə, dönmədən həyata keçirilməsi böyük qüvvə və ən başlıcası siyasi iradə tələb edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri iyulun 10-da Gəncədə törədilən iğtişaşlarla bağlı şərhində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

C.Xəlilov bildirib ki, Azərbaycanın uğurları uzun illər boyu müxtəlif dini-siyasi ideologiyaların basqısı altında olan xalqlara ümid verir, onları elmə, təhsilə, mədəniyyətə, innovativ inkişafa, tərəqqiyə səsləyir. Bu gün Azərbaycanın dünyəviliyə, insani dəyərlərə, humanizmə əsaslanan siyasi kursu inamla davam etdirilir. Bütün bunlar başda ölkə rəhbərliyinin və hər bir azərbaycanlının yorulmaz əməyinin nəticəsidir. Ölkədə sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasında bu siyasətin əvəzsiz rolu var. Əlbəttə, bu sahədə ölkənin güc strukturlarının səmərəli fəaliyyəti də xüsusi qeyd edilməlidir. Milli təhlükəsizliyin əsas komponenti olan daxili təhlükəsizliyin etibarlı təmin edilməsində hüquq mühafizə orqanları, o cümlədən Azərbaycan polisi bütün lazımi tədbirləri görür. Vətənə, xalqa sədaqəti ilə fərqlənən Azərbaycan polisi Gəncədə baş verən iğtişaşların qarşısının alınmasında bunu bir daha göstərdi. Hamılıqla bir daha şahidi olduq ki, daxili sabitliyin və rifahın təmin edilməsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının xidməti əvəzsizdir. Vəzifə borcuna sadiq qalan polislərimiz konstitusion dövlət quruluşunun dəyişdirilməsinə yönəlmiş cəhdlərin qarşısını öz canları bahasına qətiyyətlə aldılar.

"Təəssüf ki, ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələrin Azərbaycanda çirkin niyyətlərinin təmin olunmasına xidmət edən bu cəhdlərə bəzi daxili qüvvələr də cəlb olunublar. Ölkənin dünyəvi, demokratik konstitusion dövlət quruluşunu dəyişməyə, dövlət idarəçiliyi modelini sarsıtmağa yönəlmiş belə cəhdlərlə Azərbaycan müstəqilliyin bərpasının ilk illərində də qarşılaşmışdı. Ancaq xalqımızın iradəsi, mərdliyi, eləcə də, ulu öndər Heydər Əliyevin yürütdüyü düzgün, uzaqgörən və qətiyyətli siyasət sayəsində bu cəhdlərin hamısı uğursuzluqla nəticələndi. Həmin qüvvələri həmişə eyni tale gözləyir. Çünki Azərbaycan indi əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə güclü və inkişaf etmiş dövlətdir və heç bir qüvvə ölkəmizi inkişaf yolundan döndərə bilməz", - deyə ehtiyatda olan polkovnik vurğulayıb.