Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?


Digərləri 11 İyl 2018 19:00:00 294 0

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Son.az aktual.az-a istinadla Anar Yusifoğlunun yazısını təqdim edir:

Gəncədə baş verən hadisənin dəhşəti hamını sarıb: hamı polisə hücum çəkən və zabiti öldürən şəxsi də, olayları da lənətləyir.

Amma bir neçə sual açıq qalır: yüksək çinli zabitlər niyə provokatorların, soyuq silahla silahlanmış terrorçuların içində olmalıydı? Niyə son anda belə polis onu qətlə yetirənlərə qarşı silahdan istifadə etmədi?

Bu haqda rəsmi cavablar yoxdur, ancaq ehtimal və hadisədən yayılan görüntülər əsasında müşahidələrimizi qeyd edə bilərik.

Əvvəla, Azərbaycanın həddən artıq hazırlıqlı, ən müasir avadanlıqlarla təchiz edilən və xüsusi təlim görmüş peşəkar daxili qoşunları var. Gəncə polisi iyunun 10-da provokatorların necə hazırlaşması və pozuculuğu hansı şəkildə həyata keçirəcəyi haqda əvvəlcədən məlumatlı olduğu halda, xüsusi formada olan və qanunsuz mitinqlərin dağıdılmasında istifadə edilən peşəkar qrupdan istifadə etmədi.

İkinci, ora toplanan azsaylı dəstənin içərisinə Gəncədə və polis orqanlarında xüsusi nüfuz sahibi olan zabitlər girdi.

Bu, kimliyindən, hətta provokator olmasından belə asılı olmayaraq, Azərbaycan polisinin Azərbaycan vətəndaşına sərgilədiyi münasibət idi. Xüsusi hazırlanmış qrup və maşınlarla bir neçə dəqiqə ərzində o təxribatçıları zərərsizləşdirmək su içmək qədər asan olduğu halda, Azərbaycan polisi gərginlik yaratmamaq, aqressiya nümayiş etdirməmək yolunu tutdu.