İflasın qisası, yaxud Gəncə terroruna sözardı


Digərləri 11 İyl 2018 16:59:00 247 0

İflasın qisası, yaxud Gəncə terroruna sözardı

Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur. Nəyə görə Gəncə? Çünki şəhər müasir dövlətçilik ənənələrimizin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir. Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Görünür, kimlərsə nəyisə mesaj verir...

Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur. Burada barmaqlar da var ki, onlar prosesə monitor önündən klaviatura döyəcləməklə "dəstək olurlar". Söhbət anarxist ruhlu bəzi sosial şəbəkə profillərinin və mövsümü xarakter daşıyan saytların anti milli fəaliyyətindən gedir.

Labirintdə bir maraqlı tərəf də siyasi müxalifətdir. Müxaliət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar. Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu.

***

Müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsi məhz dini təxribatlar olub. "Hicab aksiyası" və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirərək etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük.

İkinci qeyd ediləcək məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. İstər dünyanın ayrı-ayrı yerlərindən ölkəmizə təşrif buyurmuş qonaqların gəldikləri qənaət, istərsə də düzənlədiyimiz nüfuzlu beynəlxalq tədbirlər zamanı səslənən fikir və düşüncələr onu deməyə əsas verir ki, Azərbaycan multikultural dəyərlərin hakim kəsildiyi, müxtəlif inanclı insanların dinc, birgəyaşam şəraitində ömür sürdükləri diyar kimi özünü təsdiqləməyi bacarıb. Bu, dünyana varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır.

Bəli, məkrli plan ona hesablanıb ki, Azərbaycan mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilsin. Dünyaya burada dini müstəvidə münaqişənin alovlanması üçün guya münbit zəminin mövcudluğu mesajı verilir. Nəticədə beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı bir növ, tərəddüdlərə düşür. Məsələn, Azərbaycana gəlmək istəyən sıravi avropalı görür ki, Suriyada, İraqda və başqa müsəlman ölkələrində yaşananlar burada da təkrarlanır və təbii ki, qorxuya düşərək fikrindən daşınır. Bəli, plan islamafob təsəvvürlərin yaradılması ilə ölkəmizlə bağlı müsbət fikirlərin dəyişdirilməsini hədəf seçib.

Planın tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Bu, nəyə görə lazımdır? Məlumdur ki, xaricdə hakimiyyətlərin dinə qarşı guya barışmaz mövqedə olduqlarını iddia edən İslam pərdəsinə bürünmüş siyasi qruplar var. Zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında Azərbaycana cəlb edilməsi istəklərinə meydan hazırlanır. Beləcə nəzərdə tutulan xaos mühiti dərinləşdirilir. Məqsəd budur.

***