Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq (FOTO)


Digərləri 11 İyl 2018 16:43:00 292 0

Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq. Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Europen Club”ın təşkilatçılığı ilə keçirilən “CEO Lunch”da çıxışı zamanı deyib. O.Məmmədov qeyd edib: “Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılıb. Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirik. Bir neçə gün öncə isə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı növbəti fərman imzalandı. Bu sənədlə Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsasları formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqlar verildi. Bu tapşırıqların keyfiyyətli yerinə yetirilməsi üçün Agentlik sahibkarlarla həm fərdi, həm də onları təmsil edən birliklər, assosiasiyalar, qeyri-hökumət və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edəcək". Agentliyin qarşısına qoyulmuş əsas vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan sədr bildirib ki, birinci istiqamət motivasiya tədbirləri ilə bağlı olacaq. Belə ki, Agentlik kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə bunu həyata keçirəcək. Bu isə öz növbəsində həm mövcud olan biznes subyektlərinin inkişafına, həm də yeni biznes subyektlərin yaranmasına, eləcə də yeni ideyaların biznesə inteqrasiya olunmasına təkan verəcək: "İkinci istiqamət sahibkarların maraqlarının müdafiəsinə yönələcək. Bu, Agentliyə səlahiyyətli qurum olaraq dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara kömək göstərmək kimi tədbirləri əhatə edəcək. Üçüncü istiqamət KOB-un dəstəklənməsi ilə bağlı olacaq. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər həyata keçiriləcək. Eyni zamanda Agentlik tərəfindən yeni dəstək modulları hazırlanaraq KOB Evləri vasitəsilə reallaşdırılacaq. Digər bir istiqamət KOB-un xarici bazarlara çıxış imkanlarını genişləndirməyə yönələcək. Beşinci fəaliyyət istiqamətimiz isə KOB-un maliyyə mənbələrinə şəffaf mexanizmlər vasitəsilə çıxışına dəstək verməkdən ibarət olacaq".