Həsən Həsənov: Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz


Digərləri 11 İyl 2018 15:30:00 251 0

Həsən Həsənov: Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz

Heç bir qüvvə Azərbaycanı müstəqil siyasət yeritməkdən çəkindirə bilməz

Bakı. İlhamə İsabalayeva - "“Allahu Əkbər” sədası altında gizlənərək, soyuq silahlarla silahlanıb Gəncədə şəhər meydanında asayişi pozan, iğtişaş törədən, dövlətçiliyə, müstəqilliyimizə qəsd edən radikal dağıdıcı qrup bilməlidir ki, Azərbaycan dövləti yenilməzdir, sarsılmazdır, heç bir qüvvə respublikamızı müstəqillik yolundan, dünyəvi dövlətçilik yolundan döndərə bilməz. Radikal dağıdıcı qrupların arxasında dayanan, onu idarə edən, maliyyələşdirən məkrli düşmən dairələr elə zənn etməsinlər ki, onların kimliyi bəlli deyil. Bu qüvvələr zaman-zaman Azərbaycan dövlətçiliyinə qəsd ediblər, amma mənfur məqsədlərinə nail ola bilməyiblər". Bunu Trend-ə açıqlamasında "Xalq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov deyib. H.Həsənov deyib ki, Bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti monolit birliyə malikdir: "Hakimiyyət və xalq vəhdəti, Prezident və xalq birliyi sarsılmazdır. Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə qədər baş verən ictimai-siyasi proseslərin təhlili göstərir ki, dövlətimiz və cəmiyyətimiz terrorçulara, separatçılara, ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrə qarşı hər zaman birlik nümayiş etdirib, düşmənin mənfur planlarını puça çıxarıb. Diqqət yetirin, polis Gəncədə iğtişaş törədənlərə qarşı silahdan istifadə etmir, amma pərdə arxasında gizlənmiş qüvvələrin əlində alətə çevrilmiş dağıdıcı radikal qrupun üzvləri xidməti vəzifəsini yerinə yetirən, iğtişaşın qarşısını alan polisə soyuq silahla hücum edir və iki polis zabitini qətlə yetirirlər". Baş redaktor bildirib ki, iğtişaşçılara dəstək verən, hadisələrin mahiyyətini təhrif edən, sosial şəbəkədə ictimai rəyi çaşdırmağa çalışan qaragüruhçular, təxribatçılar anlamalıdırlar ki, onlar özləri də iğtişaş törədənlər qədər məsuliyyət daşıyırlar və qanun qarşısında cavab verməlidirlər: "Bəzi avantüristlər isə böhtan xarakterli informasiya yayaraq, iddia edirlər ki, öldürülən polislər, guya iğtişaşçılar tərəfindən öldürülməyib. Məlum uydurmadır, belələri vaxtilə Nardaran hadisələri zamanı qətlə yetirilmiş polis işçilərinin də əməliyyat keçirənlər tərəfindən öldürüldüyünü iddia edirdilər. Yalan ayaq tutar, amma yeriməz. Heç şübhəsiz ki, istintaq-əməliyyat tədbirləri zamanı bütün günahkarlar aşkar ediləcək və qanuna müvafiq olaraq sərt cəzalandırılacaqlar. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi fəaliyyət göstərməli və ölkədə sabitliyi, əmin-amanlığı pozmaq istəyənlərə, dövlətçiliyə qəsd cəhdlərinə qarşı barışmaz mövqe tutmalıdırlar. Prezident seçkilərindən əvvəl özlərini virtual məkanda, sosial şəbəkədə millət, Vətən təəssübkeşi kimi ictimai rəyə sırımağa çalışan sosial şəbəkə trolları antiazərbaycan kampaniyasına rəvac vermişdilər. Məqsədlərinə çata bilmədilər, əksinə ümumxalq nifrəti ilə üzləşdilər. Bir müddət keçir düşmən dairələrin dəst-xətti, fəaliyyət metodu dəyişir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə sui-qəsd təşkil edilir. Ardınca Mingəçevir İES-də qəza baş verir, sonra da Gəncədə başıpozuq radikal ünsürlər iğtişaş törədir, onların sosial şəbəkələrdəki azsaylı dəstəkçiləri də xalqı itaətsizliyə çağırırlar. Bir zəncirin halqalarına bənzəmirmi?! Azərbaycanın müstəqil siyasət yeritməsini, dinamik inkişafını və tərəqqisini gözü götürməyən dairələrin və “sapı özümüzdən olan baltalar”ın, dönüklərin, xəyanətkarların, özgə qapılarında sümsünən simasızların, iddiaları qabiliyyətləri ilə tərs mütənasib olan şərəfsizlərin dəst-xətti tanış gəlmirmi?!"