Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırıldı


Digərləri 11 İyl 2018 13:20:00 252 0

Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olub.

Komitədən Son.az-a verilən məlumata görə, müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilib.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, tikinti üçün icazə sənədlərinin hazırlanması prosesinin başlanmasına baxmayaraq həmin proses başa çatdırılmayıb və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda tikintiyə icazə verilməyib.