Vüqar Rəhimzadə: "Xalqiqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz"


Digərləri 11 İyl 2018 13:03:56 256 0

Vüqar Rəhimzadə: "Xalqiqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz"

"Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi "dairələrin" də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan, qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, antiazərbaycan "qüvvələr" zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Ötən gün Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz".

Son.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran "qüvvələrin" ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir: "Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, antiazərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə qarşı yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaqlar".