İğtişaş ideoloqlarının unutduqları məqam...


Digərləri 11 İyl 2018 11:28:00 258 0

İğtişaş ideoloqlarının unutduqları məqam...

Azərbaycan polisinin vəzifə borcu üçün ölümü qəbul edə biləcəyini nəzərə almayıblar

Azərbaycan polisinin vəzifə borcu üçün ölümü qəbul edə biləcəyini nəzərə almayıblar

Ünvan, forma, təşkilatçılar məsələsində konkretlik olmasa da, ölkəmiz üzərində məkrli bir plan hazırlandığını "anonslardan" duyurduq. Gəncə olayları təzahürün bir formasıdır. Elmar Vəliyevin üzərində fokuslaşıb onun məmur kimi keyfiyyətlərinin müzakirəyə çıxarılmasının yeri deyil. Mübahisəlidir, amma məmurun hansısa yarıtmaz əməli varsa belə, sivil cəmiyyətdə, hüquqi dövlətdə onun bədəlini ödətməyin üsulu bu deyil. "Söyüş kampaniyası" təşkilatçılarının son altı ay ərzində səsləndirdikləri tezislərə baxın: Azərbaycan üzərində "virtual savaşın" başlandığını deyib, bunun tezliklə gerçək olaylar müstəvisinə keçəcəyini vurğulayırdılar. Yəni, Azərbaycanda nifaq salmaq, iğtişaşlar törətmək üçün planlar qurduqlarını elan edirdilər. İğtişaşın ünvanı Gəncə, forması terror olmaya bilərdi, başqa variantlar da seçilə bilərdi. Hədəf Gəncə deyil, hədəf Azərbaycandır, buradakı sabitlikdir, inkişafdır. 

"Söyüş layihəsi qəhrəmanlarının" danışdıqları öz ağıllarının məhsulu deyil, zatən ağıl olsaydı, doğma yurdlarına, ölkələrinə qarşı düşmən cəbhəsində yer almazdılar. Səsləndirdikləri fikirlər onlara təlqin olunanlardır, böyük mərkəzlərdə qurulan planların anonsudur. Hər halda təxribatlar siyahısını incəliklə sıralamaq, vaxt, zaman, məkan məsələsini bu qədər həssaslıqla hesablamaq əzələsini oynada-oynada kəkələyən birinin işi deyil. Prezident seçkisi dönəmindən başlamış dünənə qədər olanların  sıralanmasına baxmaq kifayətdir ki, nə baş verdiyi ətrafında müzakirələrə son qoyulsun. Prezident seçkisi keçirdik, onun  pozulması, ictimai rəyin çaşdırılması üçün qabıqdan çıxdılar; hərbi parad keçirdik, şərəfli ordumuzun son qələbələri ilə qürur duymaq, şərəflənmək istədik, səhəri gün "qəfil" Mingəçevir olayı ortaya çıxdı, ölkəmiz guya "texniki bir səbəbdən" qaranlığa qərq oldu;  kadr islahatı başlanır, ölkənin keyfiyyətcə yeni bir mərhələyə çıxarılması üçün addımlar atılır, belə zamanda  ölkənin ikinci böyük şəhərinin meri  sui-qəsd olunur. Bütün bunların təsadüf olduğunu düşünən varmı?

Olanların anti-Azərbaycan kontekstdən dəyərləndirilməsi üçün qurulan "ideoloji  iş mexanizmi" isə başqa bir həngamədir.  Son bir il ərzində Avropada ortaya çıxan azərbaycandilli internet TV-lərin sayına baxaq. Belçika, Hollandiya, Almaniya və digər ölkələrdə eyni dönəmdə eyni stildə ortaya çıxması bu TV-lərin yaranış səbəbi barədə bir şey demirmi? Paralel olaraq Ələkrəm Hümbətov və Zabil Məhərrəmovun simasında xaricdəki separatçı dəstələrin aktivləşdirilməsi də təsadüfidirmi? Bu TV-lərdə həm prezident seçkisi, həm hərbi parad, həm Gəncə olayları... barədə səslənən fikirlərdəki uyğunluqlar, hamısının birmənalı şəkildə anti-Azərbaycan mövqeli olması da təsadüfidirmi? Bu qədər "təsadüfi olayı" kim sıralayıb bir cərgəyə düzə bilib?