Hikmət Hacıyev: İki mülki azərbaycanlının girovloqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir (FOTO)


Digərləri 11 İyl 2018 10:43:00 272 0

Hikmət Hacıyev: İki mülki azərbaycanlının girovloqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir (FOTO)

İki mülki azərbaycanlının girovloqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir

Bakı. Samir Əli - İki mülki azərbaycanlının girovloqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir. Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN-nin Mətbuat Xidmətinin rəhbəri daha sonra qeyd edib: "11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma “məhkəmə” təşkil edilib, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. D.Əsgərov və Ş.Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hal-hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur". E.Hacıyev bildirib ki, Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: "İşğal edilmiş ərazilərindən bir milyondan artıq azərbaycanlı əhali, o cümlədən D.Əsgərov və Ş.Quliyev və onların ailə üzləri etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından zorla qovulub. D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar. 20 ildən çox davam edən vətən həsrəti onları öz işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq etmiş və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur. Mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur. Bu kimi əməlləri ilə Ermənistan Respublikası həmçinin, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozulmaqda davam edir".