Azərbaycanda istidən dünyasını dəyişmə diaqnozu qoyulurmu?


Digərləri 11 İyl 2018 07:45:00 243 0

Azərbaycanda istidən dünyasını dəyişmə diaqnozu qoyulurmu?

Adətən yay fəslinin ən qızmar günləri müşahidə olunan zaman xarici KİV-lərdə çox tez-tez kimlərinsə istidən dünyasını dəyişməsi barədə məlumatlar yer alır.

Bakı. İlhamə İsabalayeva – Adətən yay fəslinin ən qızmar günləri müşahidə olunan zaman xarici KİV-lərdə çox tez-tez kimlərinsə istidən dünyasını dəyişməsi barədə məlumatlar yer alır. Belə məlumatlar son günlər ərzində yenidən bəzi ölkələrin mətbu orqanları və saytlarının gündəminə çevrilib. Yayılan rəsmi məlumatlara əsasən, yalnız iyulun 2-dən 8-dək olan bir həftə ərzində Yaponiyada havaların həddindən artıq isti keçməsi səbəbindən 3 nəfər ölüb, daha 2 722 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, Kanadanın Kvebek əyalətində isə kəskin isti hava şəraiti ilə əlaqədar 70 nəfər dünyasını dəyişib. Yeri gəlmişkən bildirək ki, iyulun əvvəlində Azərbaycanda da anomal, qızmar hava şəraiti müşahidə edilib. İyulun 1-də Bakıda və Abşeron yarımadasında hətta bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstərici (43-44 dərəcə) qeydə alınıb. Sinoptiklər əksər əhali üçün əlverişsiz olan anomal isti hava şəraitinin iyulun 11-12-də yenidən müşahidə ediləcəyini, belə anomal istilərin yay fəslinin bundan sonrakı dövrü ərzində də təkrarlanacağını açıqlayıb. Səhiyyə Nazirliyi isə ölkədə hələ heç kimin istidən dünyasını dəyişmədiyini açıqlayıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Trend-ə bildirib ki, son dövrlərdə birliyin şöbələrinə istilik və ya günvurmadan dünyasını dəyişənlərin meyiti daxil olmayıb.