"BakuBus" avtobusları dayanacaqlarda sərnişinləri gözləmir? İradlar və cavablar


Digərləri 11 İyl 2018 07:00:00 283 0

"BakuBus" avtobusları dayanacaqlarda sərnişinləri gözləmir?  İradlar və cavablar

Ayrı-ayrı vaxtlarda bir neçə şəxs Son.az-a məktub ünvanlayaraq "BakuBus" MMC-nin avtobusları ilə bağlı, daha doğrusu, onların sürücülərindən şikayət ediblər.

Şikayətlərin ümumi məğzi belədir ki, sərnişinlər "BakuBus" avtobuslarının dayanacaqlarda çox az dayanmasından narazıdırlar. Onların sözlərinə görə, xüsusən yay vaxtı sürücülər qapıları 3-4 saniyə açar-açmaz bağlayır və sürüb gedirlər. Nəticədə dayanacağın 3 addımlığında olan, hətta dayanacaqda avtobusa çatıb qapını döyəcləyən şəxslər qapı arxasında qalmalı olurlar. Bəzi sürücülər bunu avtobusda kondisionerin işləməsi və çöldə havanın çox isti olması ilə izah edirlər.

Sərnişinlər qeyd edirlər ki, Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara görə, avtobusların dayanacaqlarda dayanması üçün minimum və maksimum vaxt müəyyənləşdirilib. Lakin "BakuBus" avtobuslarının bəzi sürücüləri bu qaydalara riayət etmir və sadəcə öz rahatlığını düşünürlər. Nəticədə sadə vətəndaşlar xüsusən yayda qızmar isti, qışda isə şaxtalı, soyuq havalarda əziyyət çəkməli olur, süni şəkildə əlavə vaxt itkisinə məruz qalırlar.

Onlar "BakuBus" avtobuslarının dayanacaqlarda dayanma-durma qaydaları, gözləmə müddəti ilə məsələyə aydınlıq gətirilməsini və belə xoşagəlməz hallar baş verdiyi təqdirdə hara və necə müraciət edə biləcəkləri barədə dəqiq məlumat istəyiblər.

Bununla bağlı Son.az-ın soruğuna cavab olaraq məsələyə aydınlıq gətirən "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Babayev bildirib ki, "BakuBus" avtobuslarının dayanacaqlarda dayanması ilə bağlı konkret vaxt yoxdur:  

""BakuBus" MMC-yə məxsus avtobuslar sərnişinlərin nəqliyyat vasitəsini tərk etdiyi və daxil olduğu müddətdə dayanacaqlarda dayanır. Belə ki, avtobus dayanacaqda dayandıqda əvvəlcə orta və arxa qapılar açılır və sərnişinlər nəqliyyat vasitəsini tərk edirlər. Sonra avtobusun ön qapısı açılır və sərnişinlər nəqliyyat vasitəsinə daxil olurlar. Bu proses tam başa çatdıqdan sonra avtobuslar hərəkətini davam etdirir.

Əgər avtobus dayanacağın ərazisində olduğu vaxt yaxınlıqdakı sərnişin ona əl edirsə və yaxud saxlamağı işarə edirsə, avtobus dayanır və onu gözləyir. Yox əgər avtobus dayanacaq ərazisini tərk edəndən sonra sərnişin avtobusun saxlanmasını istəyirsə, bu zaman avtobusu saxlamaq olmaz.

"BakuBus" MMC-yə məxsus avtobusların qapılarının dayanacaq ərazisindən kənarda açılması isə qadağandır. Həmçinin, sərnişinlərin sürücüdən hərəkətə başladıqdan sonra avtobusu dayanacaqdan kənarda saxlamağı tələb etməsi və nəqliyyat vasitəsinin qapısını vurması yolverilməzdir.