Bəs mənim Yusifim hardadır?


Digərləri 10 İyl 2018 22:40:00 480 0

Bəs mənim Yusifim hardadır?

Bu məqalə Quran,hədis, tarixi mənbələr və müəllifin düşüncələri əsasında qələmə alınmışdır. Məqalə iki mənəvi dəyərin üzbə-üz qoyulması kimi anlaşılmasın. Bu məqalə sadəcə bəzi həqiqətlərin dolayı yollarla ifadəsidir. Səhv və naqislik varsa bu bizdəndir. Müvəffəqiyyət varsa şübhəsiz ki, bu Allahdandır.

Bir Yusif dünyaya gəldi. Xeyr, xeyr gəlmədi var oldu və yer üzərinə bir insan surətində nazil oldu. Maddi aləmin qanunlarına əsasən bizim dünyamıza qonaq gəldi. Bəli, bizim dünyamız. O, dünya ki, Hz Əli (ə) də onun vəsfində "sizin dünyanız" deyə xitab edərdi...

Yusif (ə) hələ uşaqlıqdan qardaşlarının həsədi və paxıllıqlarının qurbanı oldu deyirlər. Məgər  O (ə.f) da hələ dünyaya gəlməmiş düşmənlərinin hədəfinə çevrilmədimi?

Yusif (ə) dünyaya gələrkən onun dünyaya gəlişi hər yerə yayılarkən, Onun (ə.f) dünyaya gəlişi hər kəsdən gizlədilmədimi? Və bu səbəbdən Hz Musa və İbrahim (ə) -ma bənzədilmədimi?

Yusif (ə) hələ uşaq ikən, qardaşlarının şərrindən (həsədindən) amanda qalsın deyə atasına yaxın ikən uzaq idi deyirlər. Məgər O (ə.f) da hələ uşaq ikən öz yaxınlarına və ardıcıllarına ən yaxın ikən, ən uzaq deyildimi?

Yusif (ə) çox gözəldir dedilər və vəsf etməkdən doymadılar. Məgər Onun (ə.f) gözəlliyi bütün cahanı valeh etməyəcəkmi?

Yusif (ə) bir müddət atasından ayrı yaşadı deyirlər. Məgər O (ə.f) da doğulduqdan bir müddət sonra atası ilə birgə hicrət etmədimi?

Yusif yuxuda 11 ulduzun, ay və günəşin ona səcdə etdiyini gördü deyirlər. Məgər bütün bəşəriyyət onun (məntiq və ədalətinin) qarşısında vəcdə gəlib səcdə etməyəcəklərmi?

Yusif (ə) kiçik yaşda qeyb oldu, itdi deyirlər. Məgər O (ə.f) da 5 yaşında qeyb olub, gözlərdən pünhan olmadımı?

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Yusifin qardaşları onu əldən verdikdən sonra yalançı göz yaşları tökdü deyirik. Məgər, biz o qardaşlardan çoxmu fərqlənirik? Dildə zühuru üçün dua edən, sonra günah edənlər bəs kimlərdir?

Qardaşları Yusifi (ə) tapa bilmədikdə qanlı köynək və canavar hekayəsini uydurdular deyirik. Məgər bizlər də Onun (ə.f) günahlarımızdan dolayı pünhan olduğunu bildiyimiz halda, hey özümüzü paklığa çıxarıb bəhanələr uydurmuruqmu?

Ataları, Yusifi (ə) qoruya bilmədiklərinə görə illərlə oğlanlarını bağışlamadı deyirik. Məgər biz Yusifimizi (ə.f) itirdiymiz üçün bağışlanmışıqmı?

Qardaşları Yusifi əldən verdikləri üçün illərlə bağışlanma diləyib, ağladı deyirlər. Məgər biz də Yusifimiz (ə.f) üçün hələ də ağlayıb göz yaşı tökmürükmü?

Qardaşları Yusifi (ə), Allahın vəlisi və gələcək peyğəmbərini öldürmək istəyirdilər lakin, Allah qorudu deyirlər. Məgər bəşəriyyətin Xilaskarının (ə.f) da qətlinə fərman verilmədimi? Məgər gözlərdən pünhan olması ilə Allah da Onu (ə.f) qorumadımı?

Yusif (ə) quyudan çıxarıldıqdan sonra yenidən öz qəbiləsinin və ailəsinin gözlərindən pünhan oldu deyirlər. Məgər O (ə.f ) da ikinci dəfə qeybə çəkilərək, əzizlərinin gözündən pünhan olmadımı?

Yusif (ə) quyudan çıxarılaraq, Misirin bazarlarına gətirildi və bir müddət öz əzizlərini itirmiş şəxs kimi sərgərdan oldu deyirlər. Məgər O (ə.f) da öz əzizlərini itirmiş şəxs kimi illərdir səhralarda sərgərdan deyilmi?

Yusif (ə) barədə sürə nazil oldu deyirlər. Məgər Quranın həqiqəti elə Onun (ə.f) özü deyilmi?

Yusif çox həyalı idi deyirlər. Məgər O (ə.f) bütün əxlaqi xüsusiyyətlərin yer üzündə təcəllası deyilmi?

Yusifə (ə) Allah izzət verdi deyirlər. Məgər O (ə.f) izzət və qüdrətin təmsilçisi olmaycaqmı?

Züleyxa Yusifi (ə) günah dolu bir eşq ilə sevirdi deyirik. Məgər biz Ona (ə.f) günahsız bir eşq bəsləyə bilirik?

Züleyxanın Yusiflə (ə) münasibətində ittiham edən bizlər, öz Yusifimizlə (ə.f) etdiyimiz əməllər qarşısında heç özümüzü ittiham etdikmi?

Yusif (ə) Züleyxanın günahlı eşqinə cavab vermədi deyirik. Məgər Yusifimiz (ə.f) bizim günah dolu eşqimizə cavab verir? Məgər eşq paklıq tələb etmir? Məgər Hz Yusif (ə) demədi ki, "eşq müqəddəsdir və xəyanət əhli aşiq ola bilməz?!"

Züleyxanı hey qınadıq və: "Züleyxa elə etdi, belə etdi" dedik. Amma Züleyxanın xeyirli aqibətini danışmağa utandıq. Çünki, Yusifimizə qarşı biz də Züleyxa kimi xəyanət dolu bir eşq bəslədik, amma Züleyxa kimi paklana bilmədik ki? Bilmədik... Züleyxanı qınayan bir dil olduq lakin, Züleyxa kimi ola bilmədik...

Yusif öz əzizləri tərəfindən satıldı və sarayda da yenə Züleyxa tərəfindən xəyanətə məruz qaldı deyirik. Məgər biz də hər gün Ona (ə.f) əməllərimizlə xəyanət etmirikmi? O Züleyxa sanki bizik elə deyil?

Züleyxa Yusifi (ə) Misirin ən təhlükəli və amansız zindanına (Zaviraya) göndərdi deyirik. Məgər biz Yusifimizi (ə.f) ən təhlükəli və amansız zindan olan, "günah" zindanımıza həbs etmədikmi?

Yusif (ə) illərlə zindanda qaldı deyirlər. Məgər O (ə.f) da günahlarımız ucbatından zindanda (qeybdə) deyilmi?

Yusif (ə) zindanda olsa da çoxlu dostları vardı deyirlər. Məgər Onun (ə.f) da çoxlu dostları yoxdurmu?

Yusif (ə) zindanı da gülüstana çevirdi deyirlər. Məgər Yusifsiz (ə.f) abadlıq belə viran deyilmi?

Yusif (ə) yuxu yozma elminə malik idi deyirlər. Məgər O (ə.f) da əvvəldəkilərin və sonrakıların elminə bələd deyilmi?

Yusif (ə) Misirin əzizi oldu deyirlər. Məgər O (ə.f) bütün qəlblərin əzizi deyilmi?