Azərbaycanda atası tərəfindən zorlanan, uşaq yaşda hamilə qalan qızlar


Digərləri 10 İyl 2018 20:30:00 513 0

Azərbaycanda atası tərəfindən zorlanan, uşaq yaşda hamilə qalan qızlar

Bir müddət əvvəl xəbər saytları, sosial şəbəkələr bir-birinin ardınca azyaşlı qız uşaqlarının zorlanması ilə bağlı xəbərlər tirajlayırdı. Oxuduqca insanın qanı donurdu. Fikirləşirdin ki, bəlkə hadisələr yanlış təsvir edilib. Lakin biz inanmaq istəmədikcə acı həqiqətlər daha geniş təfərrüatları ilə təqdim olunurdu. Bəli, bu yaxınlarda müxtəlif rayonlarda 12-14 yaşlı qız uşaqlarının zorakalığa məruz qaldığı 15-ə yaxın dəhşətli hadisə haqqında məlumat yayıldı. Onların hər biri bənzər zorakılığın qurbanı oldular. Əfsuslar ki, qızlardan biri öz doğma atası tərəfindən təcavüzə məruz qalmışdı. Uşaqların hüquqlarını qorumaq hər birimizin borcu olsa da, təəssüf ki, bəzən başqa mənzərə ilə rastlaşırıq. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çoxsaylı işlər görülsə də, hələ də ölkədə uşaqlara qarşı zorakılıq faktları davam edir.

Bu yaxınlarda Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı yayılan son məlumat isə məsələni daha da alovlandırdı. 7-ci sinif şagirdinin zorlanması və dörd aylıq hamilə olması, hadisənin sosial media üzərindən işıqlandırılması və aidiyyəti qurumlara məlumat verilməsinə baxmayaraq, qızın atasının cavabı hər kəsi şoka salmışdı. Təcavüzə məruz qalan 13 yaşlı qızın atası "Qızım mən nə desəm, onu edəcək. Mənim ailəmə qarışmayın", - dedi.

Ata öz qızını anadan olandan onu zorlayan şəxsə "beşik kəsdi" edib və adətlərə uyğun olaraq öz qızını həmin şəxsə verəcəyini bildirdi. Onu da qeyd etdi ki, Lerikdə qız oğlanı sevsin, oğlan qızı sevsin, deyə adət yoxdur. Valideyn kimə istəsə, qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Yəni o qızın artıq heç bir seçim hüququ yoxdur. Başqa sözlə, desək, belə çıxır ki, 13 yaşlı qız dünyaya gələn kimi öz valideynləri tərəfindən tanımadığı bir insana "satılıb".

Bəs qanun? Uşaqların tapdanmış hüquqlarını kim müdafiə etməlidir? 13 yaşlı qızın 4 aylıq hamilə olması heç kimi narahat etmirmi? Ölkə qanunlarına görə, yetkinlik yaşına çatmamış şəxslərin ailə qurması qadağandır. Eyni zamanda, Azərbaycanda sağlam ailə, tərbiyəli uşaq böyütmək kimi möhkəm ənənələr mövcuddur ki, bu da şübhəsiz bizim ən önəmli xüsusiyyətlərindəndir. Necə deyərlər, valideynlər uşaqlarının üstündə yarpaq kimi əsirlər. Lakin təəssüflə deyə bilərik ki, son illər belə gözəl ənənələrimiz sanki laxlayır, bəzi uşaqlar cəmiyyətdən öncə ailədə müxtəlif zorakılıqlara məruz qalır, daha irəli getsək, öldürülürlər və daha nələr, nələr...

Baş verən hadisələrdə uşaqların hüquqlarının, onların psixoloji durumlarının qorunması önəmli məqamlardandır.

Son.az xəbər verir ki, publika.az bu məsələyə hüquqi müstəvidə aydınlıq gətirməyə çalışıb.

Vəkil Elmar Süleymanov sayta açıqlamasında bildirdi ki, azyaşlılara qarşı təcavüz halları təsdiqlənərsə, həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir:

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən, Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Daxili İşlər Nazirliyi,Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyalar və s. qurumlar nəzərdə tutulur. Qanunvericilik bütün mövzularda hüquqların müdafiəsini tənzimləyir. Sadəcə vətəndaşlar öz hüquqlarını bilmədikləri üçün bu kimi problemlərin qurbanı olurlar. Bundan başqa, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yeri müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. Əks halda bu bəndlərə riayət etməyən şəxslər qanun qarşısında cavab verməlidir".

Vəkil qeyd edir ki, zorlama faktı varsa, valideynin fikirləri deyil, uşağın fikirləri əsas götürülür:

"Əgər azyaşlı uşaqlara qarşı zorakılıq faktı təsdiqini taparsa, müvafiq orqanlar tərəfindən azyaşlının öz qərarı önəmlidir. Belə ki, qanunla valideynlərin borcu yetkinlik yaşına qədər uşaqların hüquqlarını təmsil etməkdir. Əgər valideyn bu hüquququndan sui-istifadə edirsə, o zaman məsuliyyətə cəlb edilə bilər. Sırf təcavüzdən söhbət gedirsə, burada cinayət tərkibi var. Bu halda valideynin şikayətçi olub-olmaması heç bir əsas daşımır. Fakt hərtərəfli araşdırılmalı və hüquqi qərar verilməlidir. Faktla bağlı cinayət işi açılır, araşdırma gedir. Cinayət məcəlləsinin 149-cu maddəsinə əsasən, şəxsin (qadının) iradəsindən kənar onunla cinsi əlaqəyə girməyə məcbur edən şəxsləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir".

Psixoloqlar isə deyir ki, xarici mətbuatda oxuduğumuz, filmlərdə izlədiyimiz hadisələr bu gün cəmiyyətimizdə tərənnüm etməkdədir.

Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva mövzu ilə bağlı bildirib ki, son illərdə ölkədə bu problemlərin artması bizi olduqca narahat edir:

"Bir insanın cinsi istismara məruz qalması həyatında ala biləcəyi ən ağır travmalardan biridir. Hansı ki, bunun izləri uzun illər insanlara çox ciddi problemlər yaşada bilər. Burada yaş faktoru artıq ikinci plana düşür. Zorakılığın, cinsi istismarın qurbanı olan şəxs cəmiyyətdə insanlarla münasibətində problemlər yaşayır. Əks cinsə qarşı münasibətini tənzimləyə bilməyən, özünə qarşı olan güvənini itirən bu insanlar təəssüf ki, son olaraq intihara əl atır. Çox təəssüf edirəm ki, insanlarımız bu cür hallarda mentaliteti qanundan üstün tutaraq təcavüz edəni deyil, təcavüzə məruz qalan şəxsi təhlil edirlər. Sanki günahı o insanda axtarmağa çalışırlar. Bu, isə doğru deyil. Diqqət etsəniz, hadisəni müzakirə edən şəxslər söyləyir ki, olay baş veribsə, yəqin ki, buna səbəbiyyət verilib. Cəmiyyətdə qadına qarşı münasibət düzgün formalaşmadığı üçün 12, 13, 14 yaşlı uşaqların dünyası onsuz da dağılmış olur. Üstəgəl bu hadisələrin üstünü örtməyə çalışmaqla həm ətrafdakı insanların bu cür cinayətləri təkrar etməsinə rəvac yaradırlar, həm də o insanların ömür boyu zülm çəkməsinə göz yumurlar".

Psixoloq deyir ki, zorakılıq qurbanı olmuş qadın ailəsindən dəstək görməyəcəyini bildiyi üçün ya susur, ya da özünü öldürür:


Xəbərə aid fotolar