Vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq


Digərləri 10 İyl 2018 15:05:00 226 0

Vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq

Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Qeyd edilməlidir ki, son dəyişikliklərə qədər səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunurdu. Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.

Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayevin sözlərinə görə, Departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq. Bu məqsədlə təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması - səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək.

Operativ nəzarət tədbirləri də risk meyarları əsasında həyata keçiriləcək. Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki, qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək.

Vergilər Nazirliyi bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir. Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr, gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin edilməsinə öz töhfələrini verə bilərlər.