“Coca-Cola” Azərbaycan regionlarında qadın sahibkarlığını inkişaf etdirir


Digərləri 10 İyl 2018 12:22:00 277 0

“Coca-Cola” Azərbaycan regionlarında qadın sahibkarlığını inkişaf etdirir

“Coca-Cola” Azərbaycan regionlarında qadın sahibkarlığını inkişaf etdirir

Bakı. “Coca-Cola” Azərbaycanın regionlarında qadınların iqtisadi imkanlarının genişləndirilməsinə həsr edilmiş konfransda iştirak edib. Şirkətdən Trend-ə verilən məlumata görə, qadınlar forumu BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib. “Coca-Cola” Fondu və “Global Water Challenge” tərəfindən maliyyələşdirilən “Qadınların və gənclərin iqtisadi imkanlarının genişləndirilməsi” layihəsinin bir hissəsi olan konfransda Salyan rayonunun icra başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, UNDP-nin rezidenti Alessandro Frakassetti və “Coca-Cola”nın Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru Eser Manav çıxış ediblər. “Coca-Cola” şirkətinin qadınların cəmiyyətdəki roluna verdiyi önəmdən danışan Eser Manav bildirib: “Qadınların iqtisadiyyat da daxil olmaqla, cəmiyyətin bütün sahələrində fəal iştirakı insan kapitalının inkişafına və dövlətin iqtisadi yüksəlişinə təkan verir. Qadınlar üçün imkanların genişləndirilməsi və cəmiyyətin rifahı hər bir ölkənin inkişafının ən vacib göstəricilərindəndir və şübhəsiz ki, bu da “Coca-Cola”nın Azərbaycandakı gündəmində başlıca yer tutur”. Eser Manav onu da qeyd edib ki, “Coca-Cola” şirkəti 2010-cu ildə “5by20” adlı qadınların iqtisadi imkanlarının genişləndirilməsini qarşısına məqsəd qoyan və 2020-ci ilədək dünyada 5 milyon qadını əhatə edəcək uzunmüddətli proqramın əsasını qoyub. Proqram “Coca-Cola” brendinin təmsil olunduğu ölkələrdə fəaliyyət göstərir və artıq 2,4 milyondan çox qadını əhatə edib. Proqram çərçivəsində qadınlar şəxsi bizneslərinin əsasını qoya bilmək üçün işgüzar biliklər əldə etmək, maliyyə məsələlərini həll etmək imkanı qazanırlar.