Haqqı demək cəsarəti


Digərləri 10 İyl 2018 12:25:16 206 0

Haqqı demək cəsarəti

Mənə elə gəlir ki, bu gün haqqı demək cəsarətinə sahib olduğumuzu sübut etməyin zamanıdır.

Bakı. Mənə elə gəlir ki, bu gün haqqı demək cəsarətinə sahib olduğumuzu sübut etməyin zamanıdır. Çünki bu cəsarət sərgilənmədikcə meydanı naşılar, burnundan uzağı görə bilməyənlər, kimlərinsə təsiri altında olanlar alır və mənzərə də göz qabağındadır. Elmar Vəliyev Yevlaxda elə bir vaxtda icra başçısı kimi fəaliyyətə başladı ki, şəhər, sözün həqiqi mənasında, batıb gedirdi. İnsanlar işsizlikdən, güzəran ağırlığı səbəbindən əziyyət çəkirdilər. Çoxlu sayda evlərin qapısına qıfıllar vurulmuşdu. Amma məhz bu işini bilən, bacarıqlı insanın əməyi sayəsində Yevlax dəyişdi, yaradılan istehsal müəssisələri hesabına işsizlik problemi ciddi şəkildə aradan qaldırıldı. Elmar Vəliyev təkcə bir qurucu kimi deyil, bir insan kimi də yüksək dəyərləri olan şəxsiyyətdir. Yevlaxda yüzlərlə imkansız insan məhz onun sayəsində ev sahibi olub, gənclər onun diqqəti ilə işlə təmin olunub, məsul vəzifələrə irəli çəkilib. Aztəminatlı ailələr, şəhid verən insanlar, müharibə iştirakçıları onun üçün ən hörmətəlayiq kəslər olublar. Hər çıxışında, hər söhbətində cənab Prezidentin məmurlara ünvanladığı bu kəlməni təkrar etməyi çox sevib ki, biz hamımız xalqın xidmətçiləriyik. Və hansısa yanlış hərəkəti, laqeyd münasibəti onlara bağışlamayıb. Pis olubsa bunun pisi olub. Elmar Vəliyev əsl ziyalıdır. O, məktəblərimizdə də təhsilin səviyyəsinin yüksəldilməsinə böyük diqqətlə yanaşırdı. Yaxşı uğuru olan gənclərimizə ürəkdən gələn bir səmimiyyətlə dəstək olurdu. Mətbu sözün əhəmiyyətini və gücünü qiymətləndirirdi. Vəziyyətimizin düzəlməsinə ümidimizin olmadığı bir vaxtda Elmar Vəliyev qayğısını "Kür"dən də əsirgəmədi. Qəzetimiz 7-8 min tirajla işıq üzü görməyə başladı. İndi Elmar Vəliyev haqqında bildi-bilmədi danışanlar onu yaxşı tanımayan insanlardır. Cinayət törədən bir terrorçunu milli qəhrəman səviyyəsinə qaldıran, Vətən, xalq qarşısında xidmətləri olan bir insanı tərbiyəsinin verdiyi imkan səviyyəsində təhqir edənlər unudurlar ki, bununla da ölkədə çox pis tendensiyanın yaranmasına xidmət göstərirlər. Bu dövlət, bu Vətən, bu xalq bizimdir. Əlbir olmalıyıq ki, bu qarışıq dünyanın ən stabil, sakit, firavan guşəsi olan Azərbaycanımız tutduğu tərəqqi və inkişaf yolu ilə irəliləsin. Bu yolda Elmar Vəliyev kimi xalqını sevən, dövlətinə sədaqəti ilə fərqlənən, bütöv bir şəxsiyyət olan insanlara hər zaman ehtiyacımız böyükdür.