6 ayda Azərbaycan dövlət büdcəsinin mədaxili və xərcləri açıqlandı


Digərləri 10 İyl 2018 11:13:00 314 0

6 ayda Azərbaycan dövlət büdcəsinin mədaxili və xərcləri açıqlandı

2018-ci ilin altı ayında Azərbaycan dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat, xərcləri 9524,3 mln. manat olub, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Son.az xəbər verir ki, Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3382,6 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur. Həmin vəsaitin 65,8 faizi və yaxud 2226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2018-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1619,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4608,0 mln. manat vəsait transfert edilib.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5258,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1125,1 mln. manat və ya 27,2 faiz çoxdur.