"AzerGold": İri qızıl mədəninin istismara verilməsi iqtisadiyyata 300 milyon manata yaxın gəlir gətirəcək


Digərləri 10 İyl 2018 11:00:28 277 0

"AzerGold": İri qızıl mədəninin istismara verilməsi iqtisadiyyata 300 milyon manata yaxın gəlir gətirəcək

Çovdar qızıl mədəninin istismara verilməsi ölkə iqtisadiyyatına 300 milyon manata yaxın gəlir gətirəcək.

Bakı. Çovdar qızıl mədəninin istismara verilməsi ölkə iqtisadiyyatına 300 milyon manata yaxın gəlir gətirəcək. Trend-in məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Z.İbrahimov bildirib ki, 2015-ci il 11 fevral tarixi Azərbaycanın əlvan metal sənayesi üçün dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin məhz həmin tarixli sərəncamı ilə əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadənin təmin olunması, habelə bu sahənin beynəlxalq standartlara uyğun, tam şəffaf və müasir şəkildə inkişafı məqsədilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti təsis edildi. 2016-cı ilin ikinci yarısında Cəmiyyət fəaliyyətə başladı və qısa müddət ərzində korporativ strukturu, maddi-texniki bazanı və işçi heyətini formalaşdırdı. QSC sədri bildirib ki, Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələri, Köhnəmədən sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları “AzerGold” tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb və hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxilolmalar hesabına təmin olunur. “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub. Z.İbrahimov qeyd edib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib. Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib.